Kürdəmir sakinləri etiraz edir - Ağırtonnajlı maşınlar təhlükə saçır

Kürdəmirdə ağırtonnajlı maşınların rayonun mərkəzi küçələri ilə hərəkəti sakinlərin narazılığına səbəb olub. 

Hüquq müdafiəçisi Lətafət Məlikovanın sözlərinə görə, 50 tonluq yük maşınları yolun asfalt örtüyünü, Bakı- Qazax dəmiryolunun üstündən kecən körpünü,evlərə, kanalzasiya xəttlərinə ziyan vurur. "Kiminsə tikilən obyektinə  qum, cınqıl daşıyan maşınların  sahibi deyəsən güclü məmurdur. Alternativ yol var. Amma o bir qədər əlavə xərc tələb edir". 

Məsələ ilə bağlı Milli Məclisin vitse- spikeri Rəfael Hüseynova, Milli Məclisin deputatı Əminə Ağazadəyə, DİN sözcüsü Elşad Hacıyevə,  Kürdəmir rayon  İcra Hakimiyyətinin başçısı Elxan İsmayılova, Daxili İşlər Nazirliyinə və  Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.  ·

Müraciətdə bildirilir ki, xüsusilə gecə saatlarına ağırtonnajlı yük maşınları H.Əliyev prospekti ilə hərəkət edirlər və bu zaman evlər silkələnir, bu da ətrafda yaşayan insanların rahatlığını pozur: "50 tonluq yük maşınları 10 tona hesablanmış Bakı - Qazax dəmiryolunun üstündən kecən körpünü bərbad hala qoyub. Səlahiyyətlilər maşınların yükünü körpüyə uyğunlaşdırmaq əvəzinə, körpünün yükgötürmə qabiliyyətini artıraraq problemi "həll" ediblər. Bizə verilən məlumata görə, alternativ yolun tikintisi 2027 ci ildə başlanacaq. Deməli biz, azı iki il dözməliyik"?