Məşhur Məmmədov,
Millət vəkili
Laçının işğaldan azad edilməsindən 5 il ötür.
44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı 30 ilə yaxın davam edən işğaldan azad etdi. Bu qələbə yalnız hərbi gücümüzün deyil, dövlətimizin iradəsinin və milli birliyimizin təntənəsi oldu. Ermənistanın kapitulyasiya aktını imzalaması ilə Azərbaycan Ağdam, Kəlbəcər və Laçın rayonlarını bir güllə belə atmadan geri aldı. 2020-ci il dekabrın 1-də Laçının Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilməsi isə bu tarixi prosesin ən parlaq məqamlarından biri idi.
Azadlığının beş ilində Laçın yalnız yenidən qurulan bir şəhər deyil, həm də dövlətimizin Qarabağ və Şərqi Zəngəzur üçün müəyyən etdiyi strateji hədəflərin reallaşdığı nümunəvi bir bölgəyə çevrilib.
İşğaldan azad edildikdən sonra tamamilə dağıdılmış Laçın bu gün Azərbaycan dövlətinin iradəsi və Prezident İlham Əliyevin liderliyi sayəsində sıfırdan yenidən inşa olunur. Yeni yaşayış məhəllələri, fərdi evlər, çoxmənzilli binalar, inzibati komplekslər, parklar, məktəblər, xəstəxana və sosial xidmət obyektləri qısa müddətdə istifadəyə verilib. Laçın şəhəri müasir urbanizasiya prinsipləri əsasında formalaşaraq regionun inkişaf mərkəzinə çevrilir.
Rayonda yeni yol infrastrukturu olan Laçın–Kəlbəcər, Laçın–Şuşa və Laçın–Zabux magistralları yüksək standartlara uyğun salınıb. Enerji təminatı tamamilə yenilənib, yaşıl enerji layihələri genişləndirilib və Laçın Şərqi Zəngəzurun bərpaolunan enerji mərkəzinə çevrilməkdədir.
Laçının bərpası dövlət başçısının birbaşa nəzarətində həyata keçirilir. Prezident İlham Əliyev 2021-ci ildən başlayaraq Laçına dəfələrlə səfər edib, şəhərin yenidən qurulması, yol və enerji infrastrukturu, hərbi və mülki obyektlərin tikintisi ilə bağlı yerində tapşırıqlar verib. Onun hər səfəri Laçında yeni mərhələnin başlanğıcını qoyub.
2023–2024-cü illərdə Laçın şəhərinin yeni salınan yaşayış massivlərinin açılışı keçirildi. Ailələrə müasir evlərin açarlarının təqdim edilməsi Böyük Qayıdış prosesinin rəmzi anı kimi yadda qaldı.
Laçında keçirilən rəsmi təqdimat mərasimləri Prezident İlham Əliyevin innovativ inkişaf strategiyasının bariz nümunəsidir. “Ağıllı kənd” layihələri, günəş panelləri, külək enerjisi stansiyalarının təməli və alternativ enerji layihələrinin təqdimatları Laçını Azərbaycanın ən ekoloji və texnoloji rayonlarından birinə çevirməkdədir.
Laçının strateji əhəmiyyətini nəzərə alaraq burada genişmiqyaslı təhlükəsizlik və müdafiə sistemləri qurulub. Yeni hərbi hissələrin açılışı, sərhəd məntəqələrinin istifadəyə verilməsi, müasir müşahidə və müdafiə infrastrukturunun formalaşdırılması Prezident İlham Əliyevin iştirakı ilə baş tutub.
İşğaldan sonra mədəniyyət baxımından məhv edilmiş Laçında dövlətin dəstəyi ilə ardıcıl tədbirlər keçirilib.
Laçın mədəniyyət günləri, “MDB-nin mədəniyyət paytaxtı” çərçivəsində konsert və festivallar, aşıq sənətinə və folklora həsr olunmuş tədbirlər, tarixi abidələrin bərpası və muzey layihələrinin təqdimatı buna misaldır.
Bu tədbirlər Laçının mədəni həyatına yeni nəfəs gətirib və onun tarixini yenidən canlandırıb.
Laçında son illərdə bir sıra mühüm obyektlərin açılışları keçirilib.
Yeni Laçın Rayon Mərkəzi Xəstəxanası, Laçın şəhər məktəbi və uşaq bağçası, idman kompleksləri, sosial xidmət mərkəzləri, Laçın Agropark və kənd təsərrüfatı müəssisələri əhalinin rahat yaşayışını, sosial xidmətlərin əlçatanlığını və yerli iqtisadiyyatın davamlı inkişafını təmin edir.
Laçının azad edilməsindən keçən 5 il ərzində rayonda həyata keçirilən layihələr, infrastruktur quruculuğu, geniş dövlət tədbirləri, Prezident İlham Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilən açılışlar və sosial proqramlar Qarabağ və Şərqi Zəngəzurun inkişaf strategiyasının məqsədyönlü xarakterini bir daha sübut edir.
Bu gün Laçın müasir yaşayış modeli, yaşıl enerji zonası, təhlükəsiz sərhəd bölgəsi, mədəniyyət və sosial həyatın canlandığı məkan və Böyük Qayıdışın aparıcı simvoludur.
Beş il öncə işğaldan azad edilən Laçın bu gün Azərbaycan dövlətinin gücünü, iradəsini və gələcəyə hesablanan strateji baxışını əks etdirən ən parlaq nümunələrdən biridir.
Laçın rayonunun işğaldan azad edilməsindən sonra bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları ölkəmizin strateji inkişaf xəttinin mühüm tərkib hissəsinə çevrilib. Bu proqram həm məqsədəuyğun şəkildə, həm də yüksək səmərə ilə icra olunur və Laçının yeni həyatına böyük təkan verir.
İşğal illərində Laçın rayonunda və digər ərazilərimizdə tarixi-mədəni irsimizə ciddi zərər vurulmuşdu. Laçın daxil olmaqla ümumilikdə 217 mədəniyyət, 101 təhsil, 142 tibb müəssisəsi, 462 ticarət obyekti, 30 rabitə və bir çox sənaye obyektləri tamamilə məhv edilmişdi. Həmçinin 54 dünya əhəmiyyətli, 200 yerli əhəmiyyətli tarixi abidə dağıntıya məruz qalmışdı. Bu faktlar Laçının işğal dövründə hansı miqyasda vandalizmə məruz qaldığını göstərir.
İşğaldan sonra Laçında aparılan yenidənqurma işləri həmin dağıntıların aradan qaldırılmasını, bölgənin sosial-iqtisadi potensialının bərpasını və daha yüksək səviyyəyə çatdırılmasını hədəfləyir. Yeni infrastrukturun qurulması, müasir yaşayış məhəllələrinin inşası, yol-nəqliyyat şəbəkəsinin genişləndirilməsi, sosial obyektlərin tikintisi sürətlə davam edir. Bu proses Laçını qısa zamanda ölkənin ən inkişaf etmiş regionlarından birinə çevirmək istiqamətində mühüm rol oynayır.
Laçının sürətlə dirçəlməsi və Azərbaycanın bu bölgəyə verdiyi yüksək diqqət beynəlxalq səviyyədə də böyük rəğbətlə qarşılanıb. Regionun mədəniyyət potensialı və aparılan quruculuq işləri nəzərə alınaraq 2025-ci il Laçın Müstəqil Dövlətlər Birliyinin “Mədəniyyət Paytaxtı” elan edilib. Bu status Laçının tarixi, mədəni və mənəvi irsinin bərpasına verilən önəmin beynəlxalq miqyasda tanınması deməkdir.
Yeni status Laçında keçirilən mədəni tədbirlərin, festival və sərgilərin daha geniş beynəlxalq auditoriyaya çıxmasına imkan yaradır. Bu, həm də Laçının multikultural dəyərlərinin, zəngin ənənələrinin və Azərbaycanın mədəni xəritəsindəki xüsusi yerinin daha da möhkəmlənməsinə xidmət edir.
Hazırda Laçının işğal dövründəki dağıntılarını və azadlıqdan sonra aparılan geniş bərpa prosesini əks etdirən videoçarxlar və təqdimatlar ictimaiyyətə təqdim olunur. Bu materiallar həm Azərbaycanın gördüyü nəhəng işlərin miqyasını göstərir, həm də Laçının necə sürətlə dəyişdiyini nümayiş etdirir.
Bu gün Laçın yalnız bərpa edilən bir rayon deyil, yenidən doğulan mədəniyyət məkanı, yeniliklərin tətbiq olunduğu müasir şəhər, MDB miqyasında tanınan mədəniyyət paytaxtıdır.