Laçın yeni inkişaf dövrünü yaşayır

Laçın rayonu Azərbaycanın həm ən qədim yaşayış məskənlərindən biri kimi, həm də strateji mövqeyinə görə böyük əhəmiyyətə malikdir. Yağı düşmənin zaman-zaman göz dikdiyi, ələ keçirmək istədiyi bu rayonun vüqarlı, mərd insanları bu hücumların qarşısını ala biliblər. Təəssüflər olsun ki, 1990-cı illərin əvvəllərində ölkədə hökm sürən hərc-mərclik, xaos Qarabağın füsunkar məkanı olan Laçının erməni silahlıları tərəfindən işğalı ilə nəticələndi. 18 may 1992-ci ildə işğal olunan Laçın 30 il sonra - 26 avqust 2022-ci ildə Ordumuzun qüdrətinin sayəsində - düşmənin kapitulyasiyası nəticəsində Azərbaycanın nəzarətinə keçdi. 27 may 2023-cü ildə Laçın şəhərinə ilK köç karvanı yola salındı. Nəzərə çatdıraq ki, Şuşa və Laçının yenidən qurulması, bura əhalinin qayıdışının təmin edilməsi, demək olar ki, paralel aparılır. Hazırda Şuşa şəhərində 105 ailənin, yəni 406 nəfərin, Sus kəndində isə 59 ailənin, yəni 215 nəfərin daimi məskunlaşması təmin edilib. Məcburi köçkünlərin problemlərinin həlli dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda da ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir. Məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurda qayıdışı mühüm vəzifə kimi qarşıya qoyulub. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində görülən işlər getdikcə sürətlənir, Böyük Qayıdış proqramı icra olunur.

Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin asanlaşdırılması, marşrut istiqamətlərinin genişləndirilməsi “Böyük Qayıdış” proqramının tərkib hissəsidir. Bu il aprelin 27-dən başlayaraq vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə bilirlər. Bu, müharibə bitəndən – qələbə qazanandan sonra insanlarımızın ən böyük arzularından biri idi. İndi vətəndaşlar səfər üçün icazəni “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edirlər. Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gündür. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə reallaşır. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilir. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilirlər.

Məlumat üçün bildirək ki, Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərində Şuşa şəhərinə 2650 avtomobil ilə 12 528 nəfər, Laçın şəhərinə isə 2 296 fərdi avtomobil ilə 8 330 nəfər səfər edib. Şuşaya səfər edənlərin 1779 nəfəri, Laçına səfər edənlərin isə 709 nəfəri hotellərində qonaqlayıb. 2023-cü il dekabrın 27-dən 2024-cü il iyunun 19-dək Şuşa şəhərinə ümumilikdə 72 298 nəfər səfər edib. Bu il aprelin 27-dən iyunun 19-dək Laçın şəhərinə səfər edənlərin sayı isə 42 670 nəfər olub. Qeyd edək ki, Laçın şəhərinə giriş 2 yoxlanış-nəzarət məntəqəsi (Şuşa və Güləbird postları) vasitəsilə həyata keçirilir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bərpa edilən və yenidən qurulan Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı bu gün də davam edir. Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksində, Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər mərhələli şəkildə doğma yurlarına yerləşdirilir. Onlar Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.

Laçın şəhərinə ailələrin yola salınması mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak edirlər.

Şübhəsiz, daşnakların viranə qoyduqları, xarabazara çevirdikləri, minalar döşədikləri məkanlarda ölkəmizin suverenliyini tam bərpa edən, Vətəni bütövləşdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sürətlə bərpa işlərinin aparılması, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"na əsasən məcburu köçkünləri öz yurdlarına qovuşmaları tarixdə görünməmiş bir hadisədir.

FUAD HÜSEYNZADƏ


Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.