Laçından Brüsselədək

44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqaz bölgəsində formalaşmaqda davam edən yeni reallıqlar bütövlükdə regionun və bu bölgə ilə bağlı proseslərin gələcək perspektivlərini müəyyən edən faktor rolunu oynayır. Erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın qətiyyətli mövqeyi sayəsində baş verən dəyişikliklər və yeniliklər bu proseslərin tərkib hissəsidir. Bu günlərdə ordumuzun Laçın şəhərinin mərkəzini, Zabux və Sus kəndlərini birbaşa nəzarətə götürməsi də məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, sarsılmaz siyasi iradəsinin nəticəsində mümkün oldu. Hər bir vətəndaşımızın sonsuz qürur duyduğu bu uğur Azərbaycan dövlətinin gücünü və qüdrətini növbəti dəfə dünyaya nümayiş etdirdi.

 

Dövlətimizin başçısı avqustun 26-da bu mühüm hadisə ilə bağlı rəsmi tvitter səhifəsi vasitəsilə Azərbaycan xalqına təbrik ünvanlayıb: "Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!".

 

Qeyd etmək lazımdır ki, Ermənistan 2020-ci il 10 noyabr üçtərəfli Moskva Bəyanatına, faktiki olaraq,  kapitulyasiya aktına imza atarkən üzərinə bir çox öhdəliklər götürmüşdü. Bura Laçın şəhərinin mərkəzi, ətraf yaşayış məntəqələri, Laçın dəhlizi adlanan ərazinin boşaldılması və digər razılaşmalar aid idi. Amma təəssüf ki, rəsmi İrəvan ötən dövr ərzində öz xislətinə sadiq qalaraq verdiyi sözə əməl etmirdi. Azərbaycan Prezidenti çıxışlarında dəfələrlə Bəyanatın bəndlərinin nəyin bahasına olursa-olsun yerinə yetiriləcəyi barədə qətiyyətli mövqeyini ifadə etmiş və bununla bağlı xəbərdarlıq etmişdi.

 

Bu ərazilərin tam nəzarətimizə keçməsi Ermənistanın, Qarabağdakı separatçı qüvvələrin və onların xarici havadarlarının sülhyaratma prosesindəki qeyri-konstruktiv mövqeyi fonunda daha böyük tarixi, siyasi-strateji, iqtisadi və psixoloji əhəmiyyət kəsb edir. Azərbaycan  Prezidentinin ən üstün siyasi-diplomatik keyfiyyətlərinin təzahürü olan bu uğurun ölkəmiz və bütövlükdə bölgə üçün böyük  dividentlər vəd etdiyi şübhə doğurmur. Laçın şəhəri, Zabux və Sus kəndlərinin birbaşa Azərbaycanın nəzarətinə keçməsi ümumən Cənubi Qafqazda təhlükəsizlik mühitinə böyük töhfə verəcək. Belə ki, Azərbaycan bölgədə bu gün və gələcək üçün təhlükəsizlik, yeni əməkdaşlıq formatı yaratmaqdadır.  Ona görə də düşünürəm ki, bölgədə sülhün və əmin-amanlığın təmin edilməsinə təsiri baxımından post münaqişə dövrünün yeni mərhələsi kimi dəyərləndirilən bu hadisənin bir neçə rakursdan təhlili vacibdir.

 

Ermənistanın üçtərəfli öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışsa da, Azərbaycanın hücum diplomatiyasını təsiri altında və “Qisas” əməliyyatından sonra Laçından çıxmaq məcburiyyətində qaldı. Laçının çox böyük strateji önəmi vardır. Laçın şəhəri, Zabux və Sus kəndlərində yaşayanların mütləq əksəriyyəti Yaxın Şərq ölkələrindən gətirilmiş ermənilər idi və Azərbaycan Laçın dəhlizinin bir hissəsi olan 32 kilometrlik yeni alternativ yolu istifadəyə verdikdən sonra onlar da təbii ki, bu torpaqları tərk etməli idilər.

 

Avqustda nəzarətə götürülən Qırxqız və Sarıbaba yüksəkliklərindən yeni çəkilən Laçın yoluna indi tam nəzarət mümkündür. Sərsəng su anbarı və ona gedən yollar da birbaşa nəzarətə götürülüb və gələcəkdə baş verə biləcək ekoloji təhlükələrə qarşı tədbirlərin həyata keçirilməsi üçün zəruri şərait yaranıb. Buradan köçən ermənilərin bəzilərinin evləri yandırması isə erməni diasporunun və revanşistlərinin təsirindən qaynaqlanır və çarəsizlikdən yaranan emosional və məsuliyyətsiz davranışdır.

 

Azərbaycanın uğurlarını həzm edə bilməyən bəzi ermənipərəst dairələrin guya Azərbaycanın milli zəmində bu ərazilərdə etnik təmizləmə apardığını iddialarına cavab olaraq tarixi sənədlərə istinad etməklə bəzi faktları xatırlatmaq istərdim. 1828-ci ildə Türkmənçay müqaviləsindən sonra Azərbaycanın tarixi ərazilərinə ermənilər köçürülsə də, Laçında heç zaman ermənilər məskunlaşmayıb.1918-ci ildə quldur Andranikin dəstəsi Zabux-Laçın yolunda mühasirəyə salınıb, iki günlük döyüşdə tamamilə məhv edilib. Ermənilər sovetlər dönəmində də Qarabağla Ermənistan arasında maneə saydıqları Laçının statusunu ləğv etməyə çalışıb, lakin buna nail ola bilməyiblər. Laçın hər zaman Azərbaycanın tarixi ərazisi olub. Laçındakı toponimlər də təsdiq edir ki, bu ərazilər etno-mədəni baxımından bizə məxsus olub.

 

Qeyd edək ki, bu ərazildə qanunsuz məskunlaşma müharibə cinayəti sayılır. Bu baxımdan həmin dövdən bəri əsasən Suriyadan, Liviya, Rusiya və digər xarici ölkələrdən bu əraziyə gətirilmiş ermənilərin oradan çıxarılması beynəlxalq hüquqi normalara tam uyğundur. Yeni Laçın yoluna tətbiq edilən prinsiplər isə Zəngəzur dəhlizi ilə eyni olmalıdır.

 

Əsas və mühüm tarixi paralellərdən biri də ötən əsrin 90-cı illərinin əvvəllərində, dövlət müstəqilliyimizin ilk dövründə, birinci Qarabağ savaşı zamanı baş verən siyasi hadisələrlə bağlıdır. Bu qürurlu anlarda bizə keçmiş iztirab və məşəqqətli, üzücü hisslər yaşadan həmin hadisələri xatırlamamaq mümkün deyil. 1992-ci il xalqımızın tarixinə ən ağır, müdhiş bir il kimi daxil olmuşdu. O zaman hakimiyyəti ələ keçirmək məqsədilə AXC-Müsavat cütlüyünün məqsədyönlü fəaliyyəti nəticəsində Laçın və Şuşa xəyanətkarcasına düşmənə təslim edildi. Məhz bu strateji mövqelərin itirilməsi sonda Azərbaycanın  20 faiz ərazisinin işğalına əsas səbəb oldu. Obrazlı desək, “cəbhəçi”lərin dərin quyuya saldıqları ağır xəyanət daşını yalnız 30 ildən sonra sarsılmaz xalq-Prezident-ordu birliyi üzərində İlham Əliyev siyasəti, diplomatiyası və qətiyyəti sayəsində çıxarmaq mümkün oldu. Ona görə də o dövrlər nümayış etdirdiyi antiazərbaycan mövqeyinin xalqımız üçün hansı bəlalar yaratdığının fərqində olmayan və Vətən müharibəsindən sonra ölkə rəhbərliyini Qarabağ münaqişəsini guya tam həll etməməkdə, xüsusilə də Laçın şəhərini və dəhlizi nəzarətə götürməməkdə ittiham edən AXCP sədri Əli Kərimov və onun tör-töküntülərinin populist bəyanatları üçün “arqumentlər” artıq mövcud deyil. Əksinə, onların düşmən tapdağına verdikləri üçrəngli əzəmətli Azərbaycan bayrağı bu gün artıq Laçın şəhərinin mərkəzində qürurla dalğalanır.

 

Nəhayət, 44 günlük Vətən müharibəsindəki  tarixi qələbədən sonra Azərbaycanın diktə etdiyi yeni reallıqlar bu gün bütün dünya tərəfindən qəbul edilir və bu bölgədə Azərbaycanın lider, aparıcı rolu danılmazdır. 10 noyabr  Bəyanatına əsasən Azərbaycan 2020-ci il dekabrın 1-də işğal altındakı Laçın rayonunu öz yurisdiksiyasına qaytardı və Ermənistan qoşunlarını və qanunsuz məskunlaşan erməniləri sayca 7-ci rayondan çıxarmaqla ərazi bütövlüyünün bərpasını başa çatdırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin praqmatik və rasional siyasəti nəticəsində Laçının bir şəhid vermədən azad edilməsi tarixi hadisə idi.

 

Bu gün qarşıya qoyulan əsas vəzifə bu bölgədə bütün dünya üçün təhlükə mənbəyi olan terrorun, separatçılığın kökünü tam kəsməkdir. Son hadisələr onu göstərir ki, Cənubi Qafqaz bölgəsində formalaşan geosiyasi vəziyyət nəticəsində bu hədəfə çatmaq üçün münbit şərait və tarixi fürsət yaranmışdır. Belə ki, Azərbaycanın gücü və ordumuzun qüdrəti qarşısında Ermənistan duruş gətirə bilmir və adekvat addımlar atmağa məcburdur. Digər tərəfdən, sağlam məntiqə əsaslanan hər kəs anlayır ki, Azərbaycanın sülhyaratma təşəbbüsləri təkcə ölkəmiz deyil, eyni dərəcədə bölgədəki digər ölkələrin, o cümlədən Ermənistanın normal inkişafı üçün  bir platformadır. Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində açıqlamışdır ki,  Qarabağ erməniləri  başı sonu bilinməyən daxili problemlərinə qarışan Ermənistanın dəstəyindən tədricən məhrum olurlar.  Ona görə heç də təəccüblü deyil ki, artıq Qarabağda yaşayan bəzi yerli erməni sakinlər də bu reallığı anlamağa başlayır və hətta onlardan bəziləri çəkinmədən Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edirlər.

 

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin hərbi və siyasi gücü qarşısında duruş gətirə bilməyən İrəvan tezliklə üçtərəfli bəyanatın digər şərtlərinə də əməl edəcək. Daha doğrusu, buna məcbur olacaq. Hər kəs görür ki, Prezident İlham Əliyevin söylədikləri və qarşıya vəzifə kimi qoyduğu bütün məsələlər mərhələli şəkildə öz həllini tapır. Ona görə də  biz tezliklə dünya miqyasında  böyük tarixi və geosiyasi əhəmiyyətə malik və  Şərq-Qərb, Şimal-Cənub nəqliyyat vektorlarının ən vacib mərkəzi elementinə çevriləcək Zəngəzur dəhlizinin açılmasının da şahidi olacağıq.

 

Məsələnin digər maraqlı tərəfi isə onunla bağlıdır ki, Azərbaycan qalib tərəf və qat-qat güclü olmasına baxmayaraq 10 noyabr Bəyanatının müddəalarını sülh və diplomatiya yolu ilə həll etməyə üstünlük verir, qan tökülməməsi naminə hətta müvəqqəti olaraq güzəştə də gedərək müəyyən humanist addımlar atır.

 

Artıq Qarabağ və Şərqi Zəngəzura böyük qayıdışın startı verilib. Şübhə yox ki, tezliklə laçınlılar da öz tarixi torpaqlarına, 30 il didərgin düşdükləri yurdlarına qayıdacaqlar. Ərazi nəzarətə götürüldükdən dərhal sonra Laçında sürətli kommunikasiya-bərpa işlərinin vüsət alması, iqtisadiyyatın və turizmin inkişafına böyük töhfə ola biləcək yeni beynəlxalq aeroportun tikintisinə başlanması, təhlükəsizlik və güc strukturlarının yerli qurumlarının bu ərazidə fəaliyyətə başlaması  tam əminlik yaradır ki, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi ilə bağlı bütün niyyətlər zamanımda öz həlini tapacaq.                         

 

Sözsüz ki, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın birbaşa nəzarətinə keçməsi həm də Ermənistanı sülh prosesinə məcbur edən vacib amildir. Məhz bu hadisələrin fonunda dünən – avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında Brüsseldə keçirilmiş sayca 4-cü görüşün nəticələri də sülhyaratma prosesində Azərbaycanın üstün mövqeyini, danışıqlarda təşəbbüsü inamlı şəkildə öz əlində saxladığını göstərdi və Prezident İlham Əliyevin irəli sürdüyü konstruktiv təkliflərin reallaşacağına heç bir şübhə yeri qoymadı. Bundan bir gün öncə iki ölkənin baş nazirlərinin müavinləri səviyyəsində sərhədlərin demitasiyası ilə bağlı məsələlərin müzakirəsini də məhsuldar saymaq olar. Bu hadisələri böyük diqqət və maraqla izləyən bir çox nüfuzlu siyasi texnoloqların da gəldiyi qənaətə görə bu görüş sülh müqviləsinin imzalanması, sərhədlərin demilitasiyası, kommunikasiyaların açılması, həmçinin itkin düşmüş şəxslər və minalar problemi ilə əlaqəli məsələlərin həllində yeni imkanların reallaşmasına mühüm töhfədir.

Artıq birmənalı şəkildə demək mümkündür ki, Qarabağın hazırda ermənilərin yaşadığı kiçik bir hissəsinin də Azərbaycanın nəzarətinə keçməsi sadəcə zaman məsələsidir və qarşıda xalqımızı sevindirəcək hələ çox qələbələrimiz və uğurlarımız var.

Bu prosesə mane olmaq istəyən, lakin buna nail ola bilməyən isə erməni separatçıları və xalq əleyhinə olan antimilli “cəbhəçi”lərdir.

Əli Hüseynli,

Milli Məclisin deputatı