Laçınım, Laçınım, gözəl Laçınım!..

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı. 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu sənəd Azərbaycan Ordusunun qələbəsinin rəsmi sənədi idi. Bəyanata əsasən Ermənistan ordu hissələrini və ona tabe olan silahlı dəstələri Ağdamdan, Kəlbəcərdən və Laçından döyüşsüz çıxartmalı idi. Bu şərt də qalib Azərbaycanın məğlub Ermənistandan ciddi tələblərindən biri idi...

Laçın 1992-ci il mayın 18-də işğal olunmuşdu. Lakin Ermənistan Bəyanatın şərtlərinə tam əməl etmir, bu üç rayonun ərazisində müxtəlif miqyaslı əməliyyatlar keçirir, təxribatlar törədirdi. Lakin beynəlxalq ictimaiyyətin, bu baxımdan sənədi imzalanmış üçüncü tərəfin ciddi qınağından çəkinən Ermənistan ordu hissələrini Laçından çıxartsa da xislətindən  çəkmirdi. Laçın dekabrın 1-də azad edildi, 2020-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü... 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata məhəl qoymayan Ermənistan  Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələrinə Ermənistandan silah-sursat, hərbi təyinatlı məhsullar və s. daşıyırdı.  Bu daşınmaları qeyri-qanuni qanunlaşdırmaq üçün Ermənistan aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın–Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsi yaratmışdı. Bu da Azərbaycanın suveren hüquqlarını tanımama idi. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın Nəzarət Buraxılış Məntəqəsi” yaradıldı. Bu tədbir həm ermənilərin ehtimal edilən təxribatlarının qarşısını almağa xidmət etdi, həm də Azərbaycanın ərazi bütövlüyününn hüquqi siyasi nəticəsi kimi tarixləşməsi oldu. 

Laçında böyük quruculuq işləri davam edir, Laçın da işğaldan azad edilmiş digər ərazilər kimi yenidən qurulur. Burda da bərpa və quruculuq işləri genişlənməkdədir.  Laçında 9 su elektrik stansiyası fəaliyyət göstərəcək, Kəlbəcər-Laçın avtomobil yolu tamamlanmaqdadır, yeni yolda 17 tunel yaradılır. Laçında Memorial Park yaradılacaq, bu parkda İşğal və Zəfər muzeyləri də olacaq.  Laçında 1600-dən çox yaşayış evi tikilib və bərpa olunub, şəhərdə 626 fərdi ev, çoxmərtəbəli yaşayış binalarının tikintisi davam edir. 2023-cü il avqustun 25-də Laçın rayonunda “Hoçazfilm” yardıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı oldu, “Laçın Aqro-Sənaye Parkı” yaradıldı…  

MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olundu. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirildi.

Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası fəaliyyətə başlayıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev deyib: “Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək”...

Laçında aparılan quruculuq işləri onun təbii gözəlliyini daha da artıracaq. Bu gözəl ərazi dünya turizm şəbəkəsinin ən diqqət çəkən məkanlarından biri olacaq. Onda hamımızın sevə-sevə dinlədiyimiz misra daha əzəmətlə səslənəcək:
Laçınım, Laçınım, gözəl Laçınım!..

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı