Ləvəngiyeyən həkimlərin pəzəvəng mühafizəçiləri

Paytaxtın Həsən Əliyev küçəsi - 38 ünvanında yerləşən və 12 mərtəbəli korpusdan ibarət “Ege Hospital” pasientlərə yüksək keyfiyyətli xidməti ilə öyünür. Bu özəl tibb müəssisəsinin ictimai tribunalarda ucadan səsləndirmədiyi bir mühüm özəlliyi də qiymətlərin bahalığıdır.

Əlbəttə, xidmətin keyfiyyəti yaxşıdırsa, yüksək qiymətləri hardasa gözardı etmək olar. Amma nəzərə alınmalıdır ki, hər hansı idarə, müəssisə və təşkilatda xidmət barədə ilkin təəssürat məhz giriş qapısından başlayır. Hospital rəhbərliyinin müqavilə ilə özünə tərəf müqabili seçdiyi mühafizə şirkətinin əməkdaşları vətəndaşlarla rəftarda kobudluqları ilə seçilirlər. Xüsusilə də yetərincə izdihamlı nahiyədə yerləşən hospitala avtomobillə gələn pasientlərə və xəstə yaxınlarına münasibətdə sərt yanaşma sərgiləyirlər. Çünki rəhbərlik avtomobillər üçün parklanma məsələsi ilə qayğılanmayıb. Görəsən, kifayət qədər maliyyə imkanına malik bir tibb müəssisəsi üçün əlaqədar qurumlarla anlaşıb bu vacib məsələnin həllinə nail olmaq belə çətindirmi?

O da ayrı söhbətin mövzusudur ki, hospital rəhbərliyi və ayrı-ayrı həkimlər xəstələr tərəfindən müxtəlif vaxtlarda "Mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi və mənəvi ziyanın ödənilməsi" üzrə məhkəməyə verliblər. “Ege Hospital” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub. Xatırlatmağa dəyər ki, bu günlərdə rüşvətxorluğa görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilən Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin sabiq baş direktoru Elşən Mustafayev mərkəzdəki vəzifəsi ilə yanaşı, “Ege Hospital”da da həkim-psixiatr kimi çalışıb. Araşdırma zamanı xəstə yaxınlarından birinin baş həkimə “şirinlik” kimi ləvəngi gətirdiyi də müəyyən edilib. Maraqlıdır, görəsən, Ege Hospital”da ləvəngi həvəskarı olan daha kimlər var?

 *Elnarə Həziyeva*