“27 sentyabr 2020-ci il tarixdən başlanan və 44 gün davam edən Zəfər yürüşünün hər günü tariximizi qələbə səhifələri ilə zənginləşdirdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin oktyabrın 9-da Xocavənd rayonunun Hadrud qəsəbəsinin işğaldan azad edilməsinin birinci ildönümünü Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə qeyd etmək üçün Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri bir daha hər birimizi bir il bundan öncə yaşadığımız sevincli anlara qaytardı. Ötən ilin 9 oktyabr tarixində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa bu müjdəni çatdırmışdır: Hadrut qəsəbəsi və 8 yaşayış məntəqəsi işğaldan azad edildi. Dövlətimizin qətiyyəti sayəsində Azərbaycan Ordusu strateji yüksəklikləri işğaldan azad edərək hədəfə doğru inamla irəlilədi. Bu baxımdan Hadrut qəsəbəsinin işğaldan azad edilməsinin strateji və hərbi nöqteyi-nəzərdən əhəmiyyəti sonrakı Zəfərlərimizdə özünün aydın ifadəsini tapdı.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov bildirib ki, dövlət başçısının tarixi Zəfərimizdən sonra bu ərazilərimizə hər səfəri soydaşlarımızın Böyük Qayıdışını daha da yaxınlaşdırır: “ Cənab İlham Əliyev Hadrut qəsəbəsində yeni məscidin, yeni “Hadrut” Qovşaq yarımstansiyasının təməlini qoydu, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış oldu. Hadrut qəsəbəsinin timsalında dünya bir daha görür ki, ermənilər 30 ilə yaxın dövrdə işğal etdikləri torpaqlarımızda yalnız dağıntı işləri aparıblar. Azərbaycan bu gün işğal illərində daşı daş üstündə qalmayan ərazilərini bərpa edir. Bunun üçün, təbii ki, zamana ehtiyac var. Bu dağıntılar, eyni zamanda, ermənilərin bu torpaqlarda müvəqqəti olduqlarını dərk etdiklərini də təsdiqləyir. Baxmayaraq ki, onlar tarixi saxtalaşdırmaqla, özlərinə saxta tarix yazmaqla artıq tarixə qovuşmuş Dağlıq Qarabağın onlara məxsus olduğunu bildirirdilər. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz Ermənistanın təbliğatının istər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə yalan üzərində qurulduğunu bir daha 30 ildə həqiqətləri eşitmək və görmək istəməyən dövlətlərə çatdırdı. Real olan budur ki, ermənilərin tarixi də, keçmişi də, dövlətçiliyi də, mifologiyası da saxtadır.”
“Müharibə haqqında hələ çoxlu kitablar, məqalələr yazılacaq, Azərbaycanın hərb tarixi öyrəniləcək” söyləyən M.Həsənov vurğulayıb ki, şəhidlərimiz qanları, qazilərimiz qəhrəmanlıqları, şücaətləri ilə tarix yazaraq xalqımızın böyüklüyünü, məğrurluğunu və yenilməzliyini dünyaya nümayiş etdirdilər: “Ölkə Prezidenti xalqın həmrəyliyinin təsdiqi kimi minlərlə gəncin könüllü olaraq cəbhəyə getmək istəyini, yaralıların sağalmadan döyüşə getdiklərini diqqətə çatdırır. 44 gündə bir addım da olsun belə geri çəkilmədik. Azərbaycan əsgəri, zabiti ilk gündən bu amalla müharibəyə başladılar ki, qalib olacaqlar, torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Qələbənin səbəbi məhz bu idi- Vətən, torpaq sevgisi. Dünya mətbuatında da bu reallıq öz əksini tapır ki, Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsi xalqımızın Vətən sevgisinin nümunəsidir.”
Millət vəkili diqqəti postmünaqişə dövrünün mühüm reallıqlarına yönəldərək bildirib ki, Vətən müharibəsində tarixi Qələbə, ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın dünyada layiqli yeri, əldə etdiyi böyük nüfuz ölkəmizin suverenliyi, dövlət müstəqilliyi və milli kimliyi ilə bağlı rəmzi hadisələrə yenidən sistemli baxışı zəruri edir: “Bu baxımdan 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü adlandırılması ilə bağlı Milli Məclisə təqdim olunan Qanun layihəsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycanın müstəqillik tarixi 1918-ci ildən başlanır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın müstəqillik tarixində keçdiyi enişli-yoxuşlu yolun sonunda parlayan Azərbaycan üçün möhkəm təməlin yaranmasını ətraflı şəkildə bugünkü və gələcək nəsillərə çatdırdı. 103 illik tarixi vərəqlənən Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Qalib, müstəqil Azərbaycan hər bir azərbaycanlı üçün qürur mənbəyidir.”