Mehriban Əliyevanın milli təəssübkeşliyə əsaslanan və yüksək mənəvi dəyərləri özündə ehtiva edən fəaliyyətini iki istiqamətdə qruplaşdırmaq olar. Bunlardan biri vətənə xidmət, digəri isə insanlara yaxşılıq etməkdir. Mehriban Əliyevanın gördüyü işlərə və əldə etdiyi uğurlarına nəzər salanda bunu aydın görmək mümkündür. Məsələn, Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan Mədəniyyət Fondunun uzun illər həyata keçirdiyi layihələr milli mədəniyyətimizin qorunmasına və dünyada təbliğinə xidmət edir. Eyni zamanda Mehriban Əliyeva hazırda dünyada böyük maraqla qarşılanan mədəni nümunələrimizin yad ünsürlər tərəfindən mənimsənilməsinin qarşısını alıb. Fondun keçirdiyi festivallar, konsertlər və sərgilər də bu məqsədə xidmət edib.
Məqsəd və məramı Ulu Öndərin ideyalarının təbliği və irsinin yaşadılması olan Heydər Əliyev Fondunun isə Azərbaycanın müasir tarixindəki xidmətləri əvəzolunmazdır. Heydər Əliyev Fondunun cəmiyyət həyatının demək olar ki, bütün sahələrində imzası var. Heydər Əliyev Fondunun dəstəyi ilə ötən 20 ildə Azərbaycanda inşa olunan və bərpa edilən yüzlərlə orta məktəb, xəstəxana, uşaq bağçası, internat məktəbləri, uşaq evləri məhz bu fonda layiqincə rəhbərlik edən Mehriban xanım Əliyevanın sosial təşəbbüslərinin təcəssümüdür. Fond həm də mədəni-humanitar sferada əzəmətli layihələr reallaşdırır, tarixi, mədəni və dini abidələrimizin bərpası istiqamətində böyük işlər görür. Bu baxımdan Mehriban Əliyeva cəmiyyətimizdə Azərbaycan təhsilinin, səhiyyəsinin və mədəniyyətinin inkişafının himayədarı kimi tanınır.
Xüsusilə qeyd etməliyik ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi müxtəlif məzmunlu tədbirlərlə Mehriban Əliyeva hər zaman Ermənistanın işğalçı simasını ifşa edib, Xocalı hadisələrinin ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən Ermənistanın törətdiyi soyqırımı cinayəti kimi tanınmasını təmin edib. Bütün bunların nəticəsi kimi xalqımız Mehriban Əliyevanı böyük vətənpərvər və milli təəssübkeş kimi tanıyır.
Heydər Əliyev Fondunun fəaliyyətini xalqımız Mehriban Əliyevanın milli- mənəvi dəyərlərimizə bağlılığının göstəricisi olaraq qəbul edir. Lakin Mehriban Əliyevanın təşəbbüsləri, fondun reallaşdırdığı proqramlar yalnız ölkəmizlə yekunlaşmır. Bu fəaliyyət həm də qlobal miqyasda sülhə, mədəniyyətlər və sivilizasiyalararası dialoqa xidmət edir. Mehriban Əliyevanın təşəbbüsləri ilə fondun Pakistanda, Rusiyada, Vatikanda həyata keçirdiyi layihələr həmin ölkələrdə daim böyük minnətdarlıqla xatırlanır.
Ümumiyyətlə, Mehriban Əliyeva yüksək işgüzarlığı, vətən sevgisi, insanlara qayğısı ilə xalqımızın yüksək rəğbətini və etimadını qazanmış şəxsiyyətdir. Bu baxımdan 2017-ci ilin fevral ayında cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması bu etimadın və Mehriban Əliyevanın fəaliyyətinə verilən ali qiymətin təcəssümüdür. Mehriban Əliyeva Birinci vitse-prezident kimi ona göstərilən etimadı əməli işləri ilə uğurlu şəkildə doğruldur, Azərbaycan üçün yeni olan bu vəzifəni layiqincə yerinə yetirir. Böyük məmnunluqla qeyd etməliyik ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi dövlətimizin qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə yüksək töhfələr verir.
Mehriban Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini kimi fəaliyyəti də cəmiyyətdə xüsusi rəğbət doğurur. Çünki bu fəaliyyət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə və Heydər Əliyevin ideyalarının həyata vəsiqə almasına xidmət edir.
Hacı Zaur
Sahibkar, iş adamı