Məktəblilər arasında “Zərərli vərdişlərə yox deyək!” adlı layihə həyata keçirilib

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunan “Zərərli vərdişlərə yox deyək!” layihəsi çərçivəsində 8 fevral 2023-cü il tarixində Salyan rayonu, Q.Mayılov adına Kürsəngi tam orta məktəbində seminar xarakterli tədbir həyata keçirilmişdir. Tədbirin açılışını məktəbin direktoru Şəhriyar Hüseynov etmiş, layihə rəhbərini, eksperti, polis əməkdaşını, həkimi, Salyan rayon icra hakimiyyətinin əməkdaşını, Salyan rayonu Gənclərin İnkişaf və Karyera Mərkəzinin aktiv gəncini şagirdlərə  təqdim edərək, layihənin faydalılığı haqqında iştirakçılara məlumat vermişdir. Daha sonra layihənin rəhbəri Anar Güllərli layihənin mahiyyəti, məqsədi, hədəf qrupu haqqında məlumat verdi. Eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Salyan nümayəndəliyinin aktiv gənci Fateh Həsənzadə öz könüllü təcrübəsini gənclərlə bölüşmüş, gəncləri rayonun və ölkənin ictimai və sosial həyatında aktiv olmağa çağırmışdır.   Tədbirdə ekspert qismində Bakı Dövlət Universitetinin Təhsildə sosial-psixoloji xidmət ixtisasının məzunu Mətanət Quliyeva şagirdlərə zərərli vərdişlər mövzusunda məlumatlar təqdim etmiş , gənclərin zərərli vərdişlərə qurşanması, zərərli vərdişlərin insan psixologiyasına təsiri və zərərli vərdişlərdən qurtulmaq yollarını diqqətə çatdırmışdır. Salyan Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı və polis əməkdaşı zərərli vərdişlərin insan sağlamlığına təsiri, zərərli vərdişlərin yaratdığı cinayət məsuliyyəti haqqında məlumat verdilər. Mövzu barədə geniş müzakirə aparıldı, müəllimlər və şagirdlər müzakirədə fəal şəkildə iştirak etdilər. 

Qeyd edək ki, “Zərərli vərdişlərə yox deyək!” layihəsi çərçivəsində həyata keçirilən seminarlar artıq başa çatmışdır. Seminarlar Neftçala rayonunda 2 məktəb – Xəzərkənd kənd tam orta məktəbi və Neftçala Peşə Məktəbi, Salyan rayonunda 2 məktəb- Ə.Quliyev adına Qızılağac kənd tam orta məktəbi və Q. Mayılov adına Kürsəngi kənd tam orta məktəbi olmaqla, ümumilikdə 4 məktəbdə həyata keçirilmişdir. Layihənin davamlılığını təmin etmək məqsədilə görüşdə iştirak etmiş şagirdlərlə mütəmadi əlaqə yaradılması, şagirdlər vasitəsilə layihənin daha çox şəxsə çatdırılması nəzərdə tutulur.