Siyəzən rayon sakini Mabəddin Qabil oğlu Zeynalov atasının Mərkəzi Klinikada icra edilən əməliyyatdan bir neçə gün sonra öldüyünü bildirib.
Sabahinfo.az xəbər verir ki, "Unikal"a müraciət edən M.Zeynalov qeyd edib ki, atası Qabil Mabəddin oğlu Zeynalov ürəyin işemik xəstəliyindən əziyyət çəkib:
"18 aprel 2025‐ci il tarixdə atamın səhhətinin pisləşməsi ilə əlaqədar olaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına müraciət etdik. Həkimlərin baxışından sonra, xəstəyə infarkt diaqnozu qoyuldu. Təcili yardımın köməyi ilə atam Bakı şəhərində yerləşən Mərkəzi Klinikaya təxliyə edildi.
Mərkəzi Klinikanın həkim‐kardioloqu Firdovsi İbrahimov atamı müayinə etdikdən sonra, onda ürək damarının tutulmasını aşkar edib. Ürəyinin damarına angioplastika üsulu ilə stent yerləşdirib.
Firdovsi İbrahimov bildirdi ki, atam əməliyyatdan bir həftə sonra, yəni 26 aprel 2025‐ci il tarixdə təkrar tibbi müayinədən keçməlidir.
Həmin tarixdə atamı Mərkəzi Klinikaya Firdovsi həkimin baxışından keçməsi və növbəti müayinə üçün apardıq.
Lakin Firdovsi İbrahimov öz xəstəsinə yardım göstərməkdən imtina etdi.Ertəsi gün isə atam dünyasını dəyişdi", - deyə şikayətçi qeyd edib.