44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımız – Məhəmməd Nail oğlu Vəliyevin Masallı rayonunun İmanlı kəndində, İbrahim Rasif oğlu Rükabzadənin isə rayonun Boradigah qəsəbəsində anım mərasimləri keçirilib.
Anım mərasimlərində Milli Məclisin deputatları Anar İsgəndərov, Məşhur Məmmədov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirlərdə Vətən müharibəsində Azərbaycan oğullarının şücaətindən, yağı düşmənin torpaqlarımızdan qovulub çıxarılması yolunda canlarını fəda etmiş şəhidlərin igidliyindən danışılıb, ruhlarına dualar oxunub. Millət vəkilləri şəhid yaxınları ilə söhbət ediblər, qayğıları ilə maraqlanıblar.
Həmin gün deputatlar Masallı rayon Köçəkli kəndində şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün tikilmiş abidə kompleksinin açılışında da iştirak ediblər.