Metroda idarəetmə boşluğu...

Neft maqnatı kimi ad çıxaran Adnan Əhmədzadənin həbsindən sonra bir sıra dövlət müəssisələrində işin düzgün təşkil edilməməsi baxımından problemlərin qabardığının şahidi oluruq. Belə qurumlar arasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ön sırada gəlir. Qiymət artımına baxmayaraq hələ də müştərilərə gözlənilən xidməti həyata keçirə bilməyən metro yetkililəri hər zaman sərnişinləri günahkar çıxarır. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun açıqlamasına diqqət yetirək: “Bəzi günlərdə sərnişin sıxlığının tənzimlənməsi ilə bağlı belə hallar müşahidə edilir. Problem əsasən, “Dərnəgül” – Nizami” sahəsində qeydə alınır. Sıxlıq olanda, sərnişinlər hüdud xəttini keçəndə və ya qapını tutub saxlayanda ləngimələr olur.

“İnşaatçılar” – “Nizami” sahəsi mailli olduğundan, burada qatar stansiyanı tərk etməmiş digər stansiyada qatar hərəkət edə bilmir. Bu səbəbdən həmin istiqamətlərdə cüzi ləngimələr qeydə alınır. Bunun bütün xəttə təsir etməməsi üçün tənzimləmə işləri aparılır”. (Mənbə qafqazinfo.az).

Maraqlı cəhət ondan ibarətdir ki, qurum öz problemlərini dilə gətirmir. Gecikmə səbəbinin texniki məsələlərini açıqlamır. Yaxşı olar ki, gecikmə səbəbinin idarəetmə problemlərindən qaynaqlandığı da göstərilə və sərnişinlərdən buna görə üzr istənilə. Təəssüf ki, belə bir təcrübənin şahidi olmuruq....