92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında qanunun 18 maddəsini rəhbər tutaraq 23-24 oktyabr 2024-cü il tarixlərində əraziyə səfər edib.
Səfər çərçivəsində 23 oktyabr tarixində millət vəkili ilk öncə ilk öncə Göyçay şəhər Heydər Əliyev parkında Ümummili Lider Heydər Əliyevin abidəsini və şəhidlər xiyabanını, sonra Göyçay rayon İkinci Ərəbcəbirli kənd qəbristanlığında Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Birinci və İkinci Qarabağ Müharibəsinin şəhidlərinin məzarlarını ziyarət etdi.
Daha sonra rayon ictimaiyyəti, siyasi aktivi ilə birlikdə Göyçay rayonun İkinci Ərəbcəbirli kəndinin Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Qaçayev İntizam Əkbər oğlunun dördüncü ildönümü ilə əlaqədar şəhidimizin xatirəsi məzarı önündə dərin ehtiramla anılıb, ailəsi ziyarət edilib.
Ziyarət zamanı qəhrəman övladımızın unudulmaz xatirəsi yad edilib, müzəffər Azərbaycan Ordusunun şanlı Zəfərindən, bu Zəfərin əldə olunması üçün canlarını fəda etmiş şəhidimizin keçdiyi döyüş yolundan, onun Vətən torpağının azadlığı uğrunda göstərdiyi şücaətlərindən danışılıb.
Deputat şəhid ailələrinin qayğıları ilə maraqlanaraq Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğı, bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşməsi haqda bir sıra məsələlərə toxunub.
Xatırladaq ki, şəhid Qaçayev İntizam Əkbər oğlu 14 dekabr 2001-ci il tarixində Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olmuşdur. 08 yanvar 2020-ci il tarixində həqiqi hərbi xidmətə çağrılmışdır. 23 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Daha sonra 24 oktyabr tarixində M.Əfəndiyev Göyçay Gənclər Evində 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbəyə həsr olunmuş, gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun daha da artırılmasına xidmət edən "Zəfərə gedən yol” adlı intellektual yarışın açılışında iştirak etdi, çıxış edərək gənclərimizə uğurlar arzuladı.
Qeyd edək ki, yarış 8 komanda olmaqla, ümumilikdə 40 nəfərin iştirakı ilə baş tutdu. 3 mərhələdən ibarət yarışın sonunda qalib üç komanda diplomlarla mükafatlandırıldı.