Millət vəkili Beynəlxalq Valyuta Fondunun iclasında iştirak edib

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Dünya Bankı və BVF Parlament Şəbəkəsinin Gender Bölməsi üzrə İdarəetmə Komitəsinin ilk iclasında iştirak edib

07 iyul 2025-ci il tarixində Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) Parlament Şəbəkəsinin Gender Bölməsi üzrə İdarəetmə Komitəsinin ilk rəsmi iclası onlayn formatda keçirilib. Beynəlxalq səviyyəli bu iclasda Azərbaycan Respublikası Milli Məclisini Məzahir Əfəndiyev təmsil edib.

Qeyd edək ki, Komitə dünyanın müxtəlif regionlarından seçilmiş yeddi parlamentaridən ibarətdir. Belə ki, Afrikanı Keniya, Uqanda və Siera Lione, Latın Amerikasını Yamayka, Avropanı isə Belçika, Finlandiya və Azərbaycan təmsil edir. 

Keçirilən iclasda əsas diqqət Komitənin gələcək fəaliyyət planına, o cümlədən gender bərabərliyi məsələlərinin qlobal miqyasda müzakirəsinə yönəldi. Fikir mübadiləsi zamanı iştirakçılar qadınların sosial, iqtisadi və siyasi həyatda iştirakının genişləndirilməsi, qanunvericilik təşəbbüslərinin gücləndirilməsi və müvafiq beynəlxalq öhdəliklərin icrası kimi məsələləri gündəmə gətiriblər.

Çıxış edən M.Əfəndiyev BMT tərəfindən 2015-ci ildə qəbul olunmuş Dayanıqlı İnkişaf Məqsədləri sənədinə xüsusi diqqət çəkib. O, bu sənəddə yer alan 5-ci məqsəd — Gender Bərabərliyi — ilə bağlı fikirlərini bölüşərək, Komitənin fəaliyyətində bu strateji sənədin bələdçi rolunu oynamasının vacibliyini vurğulayıb.

Ümumiyyətlə, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsi qlobal səviyyədə inklüziv və dayanıqlı inkişafın təşviqi, eləcə də parlamentlərarası əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Gender Bölməsi isə bu platforma daxilində xüsusi bir struktur olaraq, gender bərabərliyi və qadınların hüquqlarının müdafiəsi sahəsində birgə təşəbbüslərin hazırlanması və həyata keçirilməsi ilə məşğuldur.

Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin idarəedici strukturlarından birində təmsil olunması ölkəmizin insan hüquqları sahəsində qlobal təşəbbüslərə verdiyi töhfənin daha bir sübutudur.