Azərbaycanlılar min illərdir özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq bəşər sivilizasiyasına əvəzsiz töhfələr vermiş,dəyərlər qazandırmış, görkəmli şəxsiyyətlər yetişdirərək dünya elmində və mədəniyyətində misilsiz izlər buraxmışlar. Lakin müharibələr, inqilablar, hərbi münaqişələr və dünyada baş verən ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın tarixi ərazisi parçalanmış, əvvəl iki dövlət arasında bölüşdürülmüş , daha sonra isə, Rusiya İmperiyasının tərkibinə düşən hissəsindən qonşu dövlətlərə “pay” verilmişdir. Azərbaycanlıların bir hissəsi öz yurdlarından köçkün düşmüş, deportasiyalara məruz qalmış, iş və təhsil məqsədilə doğma Vətənlərini tərk edərək müxtəlif ölkələrdə məskunlaşmağa məcbur olmuşlar. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan artıq azərbaycanlı yaşayır və onların bir – biri ilə əlaqələrini gücləndirmək, milli dəyərlərimizi qoruyub – saxlamaq üçün simvolik bir təqvim gününə ehtiyacları var idi. Belə bir gün isə Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş, Azərbaycan xalqının tarixində ən yadda qalan, şərəfli, qürurverici günlərdən biri sayılan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü oldu.
Bu tarix, yalnız təqvimdə bir gün olmaqdan daha çox, tarixi köklərimizə, milli kimliyimizə və mənəvi dəyərlərimizə bağlılığımızın ifadəsidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü təkcə xaricdə yaşayan soydaşlarımızın deyil, həm də Azərbaycanda yaşayan hər bir vətəndaşın öz xalqına, Vətəninə və mədəniyyətinə sarsılmaz bağlılığını nümayiş etdirdiyi bir bayramdır. Bu gün, bütün dünya azərbaycanlılarının bir bayraq altında birləşərək, Azərbaycanın müstəqilliyini, gücünü və milli maraqlarını qorumaq uğrunda vahid mövqedən çıxış etdikləri bir platformaya çevrilmişdir. Tarixi və mənəvi önəmi ilə bu gün Azərbaycan xalqının həmrəyliyini möhkəmləndirən, gələcəyə daha inamlı baxmağımıza səbəb olan bir rəmzdir.
Hamımıza yaxşı məlumdur ki, hələ 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi məhz Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi və bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə müraciət etmişdir. Yalnız bundan sonra dekabrın 25-də müvafiq təklif respublika parlamenti tərəfindən qəbul olunmuş və dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qərar qəbul edilmişdir. Beləliklə də, Ulu Öndər “dünya azərbaycanlıları” anlayışını formalaşdırmışdır ki, bu da mahiyyət etibari ilə özündə birliyi ifadə edir. Dünya azərbaycanlıları dedikdə, təkcə azərbaycanlılar yox, tarixi Azərbaycan torpaqlarında yaşayan bütün etnik birliklər, dövlətimizin bütün vətəndaşları və xaricdə yaşayan həmvətənlərimiz, bir sözlə Azərbaycan dövləti və xalqı ilə bağlılığı olan hər kəs başa düşülməlidir.
Ulu Öndər Heydər Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsas ideoloqudur. Onun rəhbərliyi ilə milli həmrəylik ideyası diaspor nümayəndələri arasında geniş şəkildə təbliğ olundu. Heydər Əliyev xarici səfərləri zamanı mütləq azərbaycanlılarla görüşər, onların problemlərini dinləyər və həmrəyliyin gücləndirilməsi üçün tövsiyələr verərdi. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı hər bir həmvətənimizin qürur mənbəyinə çevrilmişdir.
Heydər Əliyevin başladığı ənənəni davam etdirən Prezident İlham Əliyev də xarici səfərlərində diaspor nümayəndələri ilə müntəzəm olaraq görüşür , diaspor təşkilatlarının gücləndirilməsinə böyük əhəmiyyət verir və bu əlaqələrin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolunu vurğulayır. İlham Əliyevin Avropa, Asiya və Amerika ölkələrinə səfərləri zamanı diasporla fikir mübadiləsi aparması həm milli maraqların qorunması, həm də beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərinin tanıdılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü yalnız azərbaycanlılar üçün deyil, Azərbaycanın mədəni irsini bölüşən digər xalqlar üçün də əhəmiyyət daşıyır. Bu bayram dünyanın 70-dən çox ölkəsində qeyd olunur. Azərbaycan diasporu milli-mənəvi dəyərlərin təbliğində, erməni ideoloji təxribatlarının qarşısının alınmasında, həmçinin beynəlxalq əməkdaşlıqda mühüm rol oynayır.
Azərbaycan Respublikası müstəqil və suveren bir dövlət olaraq dünya azərbaycanlılarının milli birliyinin mərkəzinə çevrilib. Dövlətin dəstəyi ilə diaspor təşkilatları azərbaycançılıq ideyasını, dilimizi, dinimizi və milli dəyərlərimizi qorumaq, dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətlərini genişləndirir.
Həmrəylik Günü, milli birliyin, Vətənə sevginin və milli-mənəvi dəyərlərə hörmətin simvoludur. Dünya azərbaycanlıları bu günü qeyd edərək, Azərbaycanın müstəqilliyinin və milli birliyinin təntənəsini yaşayır, tarix yazır və gələcək nəsillərə ötürür
2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə soydaşlarımızın milli mənlik şüurunun gücləndirilməsi və təşkilatlanması istiqamətində atılmış mühüm addım oldu. Qurultay müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmalarının fəallığının artmasına, onların vahid ideologiya və məqsəd ətrafında birləşməsinə şərait yaratdı.
Qurultay, həmçinin Azərbaycan dövlət siyasətində yeni bir istiqamətin başlanğıcı oldu. 2002-ci il 5 iyul tarixində Heydər Əliyevin imzaladığı fərmanla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu komitənin fəaliyyəti soydaşlarımızın milli birliyinin gücləndirilməsi, diaspor təşkilatlarının inkişafı və xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Eyni zamanda, 2002-ci il dekabrın 27-də qəbul edilən “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanun diaspor siyasətinin hüquqi əsaslarını möhkəmləndirdi.
Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirak edərək, Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsinə böyük töhfə verirlər. Xüsusilə, erməni lobbi dairələrinin ideoloji təxribatlarına qarşı mübarizədə Azərbaycan diasporunun qətiyyətli addımları mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev, Ümummilli Liderin milli birlik və diaspor siyasətini davam etdirərək, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirdi. Dövlət başçısı diaspor təşkilatlarının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirir və azərbaycanlıların maraq və mənafelərinin qorunmasını prioritet məsələ hesab edir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı (2006-cı il) diaspor təşkilatlarının lobbiyə çevrilməsi istiqamətində mühüm addım oldu. Bu toplantılar xaricdə yaşayan soydaşlarımızın milli ruhunun yüksəldilməsinə və vahid ideologiya ətrafında birləşməsinə dəstək oldu.
Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əməkdaşlıq “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edir. 2007-ci ildə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatlarının birinci forumu bu əməkdaşlığın tarixi mərhələlərindən biri oldu.
Türk və Azərbaycan diasporları beynəlxalq müstəvidə ortaq mövqedən çıxış edərək, xüsusilə ABŞ-da erməni diasporunun yalanlarına qarşı birgə fəaliyyət göstərirlər. Həmçinin, Azərbaycan diasporunun yəhudi icmaları ilə əməkdaşlığı da bu işdə mühüm rol oynayır.
2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıda keçirilən iclasında qəbul edilən “Dünya Azərbaycanlılarının Xartiyası” milli birliyin və təşkilatlanmanın daha da güclənməsinə şərait yaratdı. Bu sənəd, müstəqil Azərbaycanın dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu bir daha təsdiqlədi.
Azərbaycan diasporu beynəlxalq səviyyədə fəaliyyətini genişləndirərək, güclü lobbi qruplarına çevrilmişdir. Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq dəstəyin artırılması və erməni diasporunun dezinformasiya kampaniyalarının ifşa olunması istiqamətində əhəmiyyətli uğurlar əldə ediblər.
Azərbaycan Diasporuna Dəstək Fondu xaricdə yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərinə sahib çıxmalarını təmin etmək, Azərbaycan Respublikasını beynəlxalq arenada daha geniş təbliğ etmək və diaspora təşkilatlarının fəaliyyətini dəstəkləmək məqsədilə 2018-ci ildə Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmışdır. ADDƏF-in əsas vəzifələri xaricdəki soydaşlarımızın öz milli kimliklərini qoruyaraq tarixi Vətəni ilə əlaqələrini inkişaf etdirmək, milli maraqların müdafiəsini təşkil etmək və diaspor təşkilatlarının maddi-texniki bazasını gücləndirməkdir. Eyni zamanda, ADDƏF, müxtəlif media vasitələri ilə Azərbaycanın sosial, siyasi və mədəni nailiyyətlərini dünyaya tanıtmaqda önəmli rol oynayır. Fond, həmçinin, Azərbaycana dost münasibəti bəsləyən digər xalqların diasporları ilə əməkdaşlığı genişləndirərək milli-mədəni dəyərlərimizi beynəlxalq ictimaiyyətə çatdırır.
2020-ci ildə baş verən Vətən Müharibəsi Azərbaycan xalqının həmrəyliyinin ən parlaq təzahürü oldu. Prezident İlham Əliyevin qətiyyətli liderliyi altında xalqımız bütün dünyada haqq səsinin eşidilməsi üçün vahid mövqedən çıxış etdi. Xaricdə yaşayan azərbaycanlılar müharibə dövründə erməni təbliğatına qarşı ciddi müqavimət göstərərək Azərbaycanın beynəlxalq ictimaiyyət qarşısında ədalətli mövqeyini müdafiə etdilər. Prezident İlham Əliyevin sözləri ilə desək, “düşmənin məkrli təxribatlarına qarşı soydaşlarımızın cəsarətli etirazları və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işindəki fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur.”
İkinci Qarabağ müharibəsi dövründə milli həmrəylik daha da gücləndi. Xaricdəki azərbaycanlılar Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəal fəaliyyət göstərdilər. Yaşadıqları ölkələrdə təşkil etdikləri aksiyalar, beynəlxalq mediaya verdikləri açıqlamalar və müxtəlif təbliğat vasitələri ilə Azərbaycan dövlətinin maraqlarını müdafiə etdilər. Bütün görülən bu işlər isə xalqımızın dünya səviyyəsində birliyini və gücünü nümayiş etdirdi.
22 aprel 2022-ci ildə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı, həm də “Zəfər Qurultayı” olaraq adlandırılır. Bu tarixi tədbir Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı böyük qələbədən sonra milli həmrəyliyimizin simvoluna çevrildi. Qurultayda Prezident İlham Əliyev qeyd etmişdir ki, “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq, dövlətimiz isə qalib dövlət kimi tarixdə yer alacaq.” Şuşada keçirilən bu tədbir həm də işğaldan azad edilmiş torpaqlarda yeni inkişaf dövrünün başlandığını nümayiş etdirir.
Azərbaycan dövləti diaspor siyasətini daim inkişaf etdirərək dünya azərbaycanlılarının milli birliyini daha da gücləndirmək üçün ciddi addımlar atır. Dünya Azərbaycanlılarının I Qurultayında yaradılan Əlaqələndirmə Şurası və qəbul edilən “Dünya Azərbaycanlılarının Xartiyası” soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsinə xidmət edir. Diaspor siyasətində yeni inkişaf mərhələsi isə Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması ilə başlayaraq bu siyasətin davamlılığını təmin edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Qarabağ Zəfəri xalqımızın milli birliyini möhkəmləndirdi. Dövlət başçısının “Dəmir yumruq” ifadəsi həm Zəfərimizin, həm də milli birliyimizin simvoluna çevrildi. Azərbaycan xalqı və diaspor təşkilatları birgə səylərlə dünya miqyasında Azərbaycanın maraqlarını qoruyaraq vətənpərvərlik hisslərini gücləndirdilər.
Bu gün dünya azərbaycanlıları milli kimliklərinə, tarixi torpaqlarına və dövlətinə bağlılıq hissi ilə fəxr edirlər. Qarabağ müharibəsindəki tarixi qələbə və Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycan xalqının gücünü və həmrəyliyini bir daha təsdiqləmişdir.
Əminəm ki, bu özəl gün gələcəkdə də, dünya azərbaycanlılarının əbədi birliyinin qorunub saxlanmasında, milli dəyərlərimizin təbliğində və yaşadılmasında, xalqımızın dünya mədəniyyətinə, siyasətinə, elminə yeni tövhələr verməsində öz mühüm rolunu oynayacaqdır.
Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.