Milli Məclis prokurorluq işçilərinin maaşlarına əlavənin artırılmasına dair layihəni I oxunuşda təsdiqləyib.
Sabahinfo.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Dəyişikliklə prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli deyil, 1,25 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Qanunun hazırkı bəndi isə belədir:
"Prokurorluq işçiləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir".
“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik layihələri dövlət qulluqçularının əməkhaqqı sisteminin təkmilləşdirilməsi, eyni vahid əməkhaqqı sisteminin tətbiqi ilə bağlı aparılan islahatların davamıdır.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il sentyabrın 1-dən tətbiq ediləcək.