Milli mədəniyyətimizin bütövlüyünə qarşı regionçuluq virusu

Azərbaycan mədəniyyəti əsrlərin süzgəcindən keçərək bütöv şəkildə formalaşıb. Qarabağın sazı, Borçalının dastanı, Şirvanın aşığı bir millətin eyni ruhunu yaşadıb. Heç vaxt bölgə sərhədləri bu irsi ayıra bilməyib. Amma bu gün milli mədəniyyətimizi qorumağa cavabdeh qurumun içindən səslənən bəzi fikirlər ciddi narahatlıq doğurur.
Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu “Qafqaz Türk” internet kanalına müsahibəsində aşıq sənəti barədə danışmaq əvəzinə Borçalı Cəmiyyətini və onların nəşr etdirdiyi “Borçalı – ensiklopedik bilgilər” kitabını hədəfə alır. Daha da təəccüblüsü odur ki, kitabı oxumadığını özü etiraf edir – “oxumuşam” yox, “baxmışam” deyir. Kitabı vərəqləmədən onu “səviyyəsiz” adlandırmaq hansı ziyalı mövqeyidir? Oxumadığı əsər barədə hökm verən bir adamın sözü cəmiyyət üçün nə qədər dəyərli ola bilər?
Bu da azmış kimi, Nəbioğlu həmin çıxışını Feysbuk səhifəsində paylaşaraq rəy bildirənlərə “sən Borçalıdan deyilsən, qoy Borçalılar cavab versin” deyə reaksiya verir. Bu, açıq-aşkar regionçuluqdur. Bir ziyalı insanları bölgələrə bölərsə, millətin birliyi necə qorunacaq? Azərbaycançılıq ideyası bu məntiqin harasına sığır?
Halbuki “Borçalı – ensiklopedik bilgilər” sıradan bir kitab deyil. Ramiz Həsənovun təşəbbüsü ilə illərlə toplanmış folklor, tarix, ziyalı irsi burada sistemləşdirilib. Nüfuzlu alimlər onun elmi dəyərini yüksək qiymətləndirib. Bu əsəri gözdən salmaq, əslində, bütöv ziyalı nəslinin zəhmətini kölgəyə salmaq deməkdir.
Əslində söhbət təkcə bir kitabdan getmir. Söhbət milli yaddaşdan, ziyalılıq məsuliyyətindən və dövlətçilik prinsiplərindən gedir. Katib kürsüsündə oturan şəxs şəxsi qərəzlərini mədəniyyətin adına bağlayırsa, bu artıq milli dəyərlərə xəyanətdir.
Bu məsuliyyətsizliyin doğurduğu suallar var:
1. Oxumadığı kitabı aşağılamağa çalışan bir katibin məqsədi nədir?
2. Sosial şəbəkədə insanları “sən bu bölgədən deyilsən” deyə ayırmaq ziyalıya yaraşırmı?
3. Aşıq sənətini qorumağa cavabdeh qurum bu məsuliyyətsizliyə niyə göz yumur?
Milli mədəniyyət heç vaxt bölgələrə sığmayıb və sığa da bilməz. Ona görə də hər bir ziyalı, hər bir vətəndaş regionçuluğa qarşı açıq mövqe sərgiləməlidir. Çünki bu gün sükut etsək, sabah parçalanmış kimliklə üz-üzə qala bilərik.
Azərbaycan aşıq sənəti bütövlük tələb edir. O bütövlüyü kölgəyə salan hər fikir isə milli mədəniyyətə zərbədir.



İlyas Naxçıvanlı,
AJB-nin üzvü, "Uğurlu yol"qəzetinin təsisçisi və baş məsləhətçisi,
"Borçalı Cəmiyyəti" İctimai Birliyinin idarə heyətinin üzvü.