"Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilib”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, ötən 149 ildə milli mətbuatımız böyük inkişaf yolu keçib. Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar. Məlumdur ki, cəmiyyətdə demokratik münasibətlərin inkişafı ölkədə azad mətbuatın inkişafı ilə əlaqəlidir. Azad sözün cəmiyyətdə aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün heç zaman qayğısını əsirgəmir. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar mövcuddur. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində baş verib. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Hazırda bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanıb və qəbul olunub.
Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini də zərurətə çevirdi. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparıldı. 30 dekabr 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun isə media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin yaradılması da media sahəsində aparılan islahatların mühüm tərkib hissəsidir. MEDİA Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.
“Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib”,-deyən millət vəkili milli mətbuatımızın vətənpərvərlik ruhunu da təqdir edib. Onun sözlərinə görə, Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır.
“Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür”, -deyən Pərvin Kərimzadə media nümayəndələrini 22 İyul Milli Mətbuat Günü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.