Milli Prioritetlər gənclərin daha da inkişafında mühüm rol oynayacaq

Azərbaycan qlobal miqyasda sürətli iqtisadi artım tempinə malik ölkələr sırasına daxil olub. Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin edib. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalıbdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənibdir.

Bütün bunları nəzərə alaraq Cənab Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkəmizin inkişafında yeni səhifə açacaq.

Burada müəyyən olunan 5 əsas istiqamətə diqqət yetirdikdə ortaya qoyulan vəzifələrin icrası və həyata keçirilən konseptual iş ümumilikdə vətəndaşlarımızın sosial rifah halının, iqtisadi imkanlarının genişlənməsini, ekoloji sağlam mühitdə yaşamasını təmin edəcək.

İlk öncə onu qeyd edim ki, Milli Priorityetlər mühüm dövlət konsepsiyasıdır, buarada nəzərdə tutulan tədbirlər həddindən artıq geniş və çoxşaxəlidir və bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr durur. Ona görə də, Milli Prioritetlərə əsasən, müxtəlif proqram və layihələr hazırlanacaqdır. Sənəddə 5 strateji hədəf və hər hədəfə uyğun alt prioritetlər müəyyən edilib. Birinci hədəf dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğudur. Həmin hədəfə uyğun olaraq qarşıdakı 10 il ərzində yüksək iqtisadi artımın və ölkənin davamlı inkişafının təmin edilməsi üçün möhkəm zəmin yaradılması nəzərdə tutulubdur. Burada həm davamlı və yüksək iqtisadi artım, həm də daxili və xarici təsirlərə dayanıqlıq kimi alt prioritetlər əsas yer tutur. Ümumilikdə, prioritetlərə əsasən, 2030-ci ilə qədər iqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmasə proqnozlaşdırılır. Bunun üçün yüksək gəlirli iş yerlərinin yaradılması, həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması, iqtisadiyyatın dərin şaxələndirilməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr”in tapılması, qeyri-neft sektorunun əsas drayver kimi gücünün artırılması nəzərdə tutulubdur. Hazırda neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, yaxın on ildə qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevriləcək. Qeyri-neft sektorunun əsas şaxələrinə dövlət dəstəyi ilə bərabər, özəl sektorun maliyyə dəstəyi də artırılacaq. Belə ki, plana əsasən, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməli, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir.

Gənclərin sağlam ruhda böyüməsi, onların gələcək fəaliyyəti üçün nəzərdə tutulan insan kapitalının inkişafı məsələsi yerində və zamanında qarşıya qoyulan məqsəddir. Belə ki. Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. Bu gün əldə olunan qələbənin də əsas aparıcı qüvvəsi gənclərimiz oldular. Gənclərimizin bilikli və bacarıqlı yetişməsi, eyni zamanda onların asudə avxtlarının səmərəli təşkili, beynəxallq səviyyədə inkişafı üçün konsepsiyada xüsusi müddəanın olması bizi çox sevindirir.

Göründüyü kimi, dövrün, zamanın tələbi əsasında təsdiqlənən Dövlət proqramlarının, İnkişaf strategiyalarının icrasının uğurlu sonluqla başa çatması digər sənədin qəbulunu zərurətə çevirir. Bu, bir daha onu göstərir ki, dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu məqsədə uyğun olaraq Azərbaycan əldə etdiyi uğurlarla kifayətlənmir, daim irəliyə baxır.

Cəbi Quliyev

Milli Məclisin deputatı

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”-dən irəli gələn məsələlərin həllində vətəndaş cəmiyyətinin rolunun artırılması” layihəsi çərçivəsində çap olunur