“Tarixi Zəfərimizdən sonra Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri daha yüksələn xətlə inkişafı ilə diqqətdədir. Bu mühüm məqam da daim xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin isə təcavüzkarın yanında olduğunu nümayiş etdirdi. Müharibənin başlandığı ilk gündən qardaş Türkiyə ilə yanaşı, Pakistanın da Azərbaycanın yanında olduğu, siyasi və mənəvi dəstək göstərdiyi dünyanın diqqətində oldu. Hər yerdə Azərbaycan, Türkiyə və Pakistan bayraqları birgə dalğalandı. Bu, dostluğun, qardaşlığın təqdimatı idi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzu xarici siyasətinin əsas prinsiplərinin dəyişməzliyinin göstəricisidir. Belə ki, Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur və yeni prioritetlər üzrə inkişafında maraqlı olduğunu atdığı addımları ilə təsdiqləyir. Azərbaycanın həm Avropanın, həm də Asiyanın müxtəlif regionlarında yerləşən dövlətləri ilə ikitərəfli əlaqələri onu qitələrarası qovşağa çevirir. Qeyd etdiyimiz kimi, ölkəmizin sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri qardaş Pakistandır. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyevin 11-12 iyul tarixlərində Pakistana dövlət səfəri keçilən yolun təqdimatı oldu. Cənab İlham Əliyev Pakistan Prezidenti, eyni zamanda, Pakistanın Baş naziri ilə geniş tərkibdə görüşlərində, mətbuata birgə bəyanatında bu mühüm reallığı xüsusi qeyd etdi ki, qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Azərbaycana gələn pakistanlıların sayı son illər ərzində daha da artıb və Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor arasında birbaşa uçuşları artıq müzakirə edildi. Pakistandan gələn insanlar İçərişəhəri ziyarət edəndə və Karvansaranı görəndə onu “Multan” adlandırırlar. Onlar bizim əsrlər boyu bir-birimizə necə bağlı olduğumuzu anlayırlar. Həqiqətən, bu bağlantı böyük sərvətdir. Bu gün Pakistan ilə Azərbaycan arasında qardaşlıq münasibətləri möhkəm bünövrəyə əsaslanır.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub: “İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ildə Pakistanın Bakıda, 1997-ci ilində isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlər və imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu səfərin önəmini “Səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir” fikirləri ilə ifadə etdi. Möhkəm təmələ, qarşılıqlı etimada əsaslanan dostluq, qardaşlıq münasibətləri sarsılmazdır və hər iki tərəf bu əməkdaşlığın daha da möhkəmlənməsində, bütün sahələr üzrə inkişafında maraqlıdır. Məhəmməd Şahbaz Şərif bu dostluğun sözdə deyil, əməldə öz təsdiqini tapdığını, sarsılmazlığını “Biz fərqli dillərdə danışırıq, biz urdu dilində, siz Azərbaycan və ya türk dilində danışırsınız. Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq” çağırışı ilə də diqqətə çatdırdı.”
Millət vəkili vurğulayıb ki, Azərbaycan-Pakistan əməkdaşlığında dost ölkələrimizin bir-birinin haqq işini fəal şəkildə müdafiə etməsi xüsusi yer tutur: “Azərbaycanın ərazilərini işğal etdiyinə görə Pakistan bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayan və bu ölkənin müstəqilliyini tanımayan dövlətlərdən biridir. Bu illər ərzində müxtəlif vaxtlarda Pakistan Prezidenti, Baş naziri, parlament və digər dövlət qurumları, eləcə də ordu rəhbərliyi, ictimai və siyasi xadimlər Ermənistanın Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pisləyən və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü dəstəkləyən, dövlətimiz və xalqımızla həmrəy olduğunu əks etdirən müvafiq qətnamələr qəbul edib, bəyanatlar yayıblar. Pakistan Senatı 2022-ci ildə Xocalı soyqırımını pisləyən qətnamə qəbul edib. Azərbaycanın Cəmmu və Kəşmir məsələsi ilə bağlı prinsipial mövqeyi bu problemin beynəlxalq hüququn norma və prinsipləri, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, habelə beynəlxalq humanitar hüquqa tam hörmətlə yanaşılmaqla sülh yolu ilə həllinin dəstəklənməsinə əsaslanır.”
Malik Həsənov bildirib ki, dövlət başçısı İlham Əliyevin Pakistana dövlət səfəri münasibətlərimizin inkişafında yeni mərhələnin başlanğıcı oldu: “Strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və bütün sahələrdə inkişafının təmin edilməsi istiqamətində aparılan müzakirələr, imzalanan sənədlər də bunun təsdiqidir. Bir səfər çərçivəsində 15 sənədin imzalanması gələcək münasibətlərin aydın mənzərəsini yaradır. Ümumiyyətlə, Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazası kifayət qədər genişdir. İndiyə qədər 38 sənəd imzalanıb, 25 sənəd layihəsinə isə hazırda baxılmaqdadır. Əlaqələrimizin inkişafı üçün geniş imkanlar mövcuddur. Həm müzakirə olunanan məsələlər, həm də imzalanan sənədlər iki ölkənin mövcud planlarının təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyev böyük əminliklə qeyd etdi ki, bütün planlarımız icra ediləcək.”
Millət vəkili diqqəti ölkələrimiz arasında əməkdaşlığın yeni formatlarına yönəldib: “Bu günlərdə Astanada “ŞƏT plyus” formatında Zirvə görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan üçtərəfli görüş çox önəmlidir. Azərbaycan, Pakistan və Türkiyə arasında bütün tərəflərin qarşılıqlı maraqlarına xidmət edən və regional güc birliyini şərtləndirən bu əməkdaşlıq mexanizmi və həmin görüşdə müzakirə olunan məsələlər ölkələrimiz arasında əlaqələrin bütün sahələri əhatə etdiyini göstərir. Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əməkdaşlıqla yanaşı, “Üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması və üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin bundan sonra da mütəmadi qaydada keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsinin gündəmə gətirilməsi üç ölkə arasında hərbi-siyasi sahədə əlaqələrin bundan sonra daha da dərinləşəcəyini deməyə imkan verir.”
Malik Həsənov qeyd etdiklərinin fonunda belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan-Pakistan münasibətləri dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın nümunəsidir.