2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın YAP Sumqayıt şəhər təşkilatının qərargahında seçicilərlə görüşü keçirilib.
YAP Sumqayıt şəhər təşkilatının əməkdaşı Elvin Əlizadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyası olduğunu xalqa xidməti ilə sübuta yetirib.
Deputatlığa namizəd Mehriban Vəliyeva əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. “Azərbaycanın tutduğu yol xalqımızın maraqlarına əsaslanır”, - deyə söyləyən deputatlığa namizəd bildirib ki, hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan regionun ən sabit və inkişaf edən ölkəsidir. M.Vəliyeva qazanılan uğurlardan bəhs edərək ən mühüm məqamın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, budəfəki parlament seçkiləri ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilir.
M.Vəliyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Tədbirdə təşviqat qrupunun üzvləri Ofelya Babayeva, şəhid atası Sovet Şükürov, Ramiz İsmayılov və digərləri çıxış edərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar. “Möhtəşəm Zəfərimizdən sonra yeni qələbələrə şahidlik edəcəyik”, - deyə vurğulanıb.
Öz növbəsində çıxış edən seçicilər də 1 sentyabr – növbədənkənar seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.