Monolit və avanqard siyasi güc

Respublikamızın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ili tamam olur. Əbədiyaşar şəxsiyyət, xalqımızın Ulu Öndəri Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda təsis olunan YAP milli ideallara bağlı, ölkəmizin gələcəyini düşünən insanları öz ətrafında birləşdirmiş, öz fəaliyyəti ilə qısa zamanda Azərbaycanın siyasi həyatına mühüm yeniliklər gətirmişdir.
Ən yeni tariximizdən də bəlli olduğu kimi, xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra hakimiyyət uğrunda mübarizənin qeyri-sivil forma alması, iqtidarda bir-birini əvəz edən siyasi qrupların anormal fəaliyyətləri, idarəçilikdə yol verdikləri ciddi qüsurlar Azərbaycanın gələcəyini sual altında qoymuşdu. Bütün bunlar, o cümlədən düşdüyü dərin sosial-iqtisadi böhran xalqın bütün zümrələrinin, o cümlədən ziyalıların son dərəcə narahatlığına səbəb olmuşdu. Müstəqil dövlətçiliyimizin taleyinin, xalqımızın gələcəyinin belə sual altına düşdüyü həmin təbəddülatlı dövrdə bütün Azərbaycan ictimaiyyəti nicat yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin proseslərə müdaxiləsində, onun liderliyi ilə hakimiyyət uğrunda sivil mübarizə apara bilən bir partiyanın təsis edilməsində və Ulu Öndərin siyasi hakimiyyətə qayıdışında görürdülər. 
1992-ci ilin oktyabr ayında Azərbaycan ziyalılarının Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə müraciətində bu barədə deyilir: "Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər".
Azərbaycan ziyalılarının və bütövlükdə cəmiyyətimizin həmin ağır günlərdə Heydər Əliyevi xilaskar kimi qəbul etməsi və ona üz tutması təsadüfi deyildi. Çünki buna qədər hər bir vətəndaş Heydər Əliyevdən hansı vəzifəsində çalışmasından və harada yaşamasından asılı olmayaraq dövlətə və xalqa layiqli xidmət nümunəsi görmüşdü. Hələ sovetlər dövründə Azərbaycanı tarixi inkişaf yoluna çıxaran bu böyük şəxsiyyət bütün vəzifələrindən istefa verdikdən sonra belə öz xalqının yanında olmuş, 20 Yanvar faciəsi zamanı Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmışdı. Naxçıvana qayıtdıqdan sonra Heydər Əliyev xalqımızın milli azadlıq mücadiləsinə böyük töhfələr vermiş, öz siyasi dühası ilə onu yeni mərhələyə yüksəltmiş, muxtar respublikanı Ermənistanın təcavüzündən qətiyyətlə qorumuş, Türkiyə və İranla mühüm əlaqələr yaratmışdı.
Ona görə Azərbaycanın hər yerindən Naxçıvana məktublar gəlir, vətəndaşlar Heydər Əliyevə yeni partiya quruculuğu ilə bağlı müraciət edirdilər. Onların Naxçıvana səfər edərək Heydər Əliyevlə görüşmələri Ulu Öndərə olan böyük etimaddan qaynaqlanırdı.
Beləliklə, bütün məqamlarda öz xalqının yanında olan Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabrında YAP-ın yaranması xalqımızın dahi oğlunun Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması ilə bağlı başlatdığı böyük missiyasının ilk və mühüm mərhələlərindən birini təşkil edir. Odövrkü hakimiyyət nə qədər cidd-cəhdlə YAP-ın yaradılmasının qarşısını almağa çalışsa da, buna nail ola bilmədi. Çünki "xalq-Heydər" birliyinin qarşısını heç bir qüvvə ala bilməzdi. Təsadüfi deyil ki, həmin dövrdə partiyanın yaranması Azərbaycanda əlamətdar siyasi hadisəyə çevrilmiş, tezliklə on minlərlə vətəndaş onun sıralarına qoşulmuşdu. Partiyanın dövlət qeydiyyatına alınması da onun siyasi gücə çevrilməsinin təcəssümü idi.
YAP müxalifət partiyası kimi yaranmışdı. Amma bu gün özünü müxalifət hesab edən bəzi siyasi qruplardan fərqli olaraq YAP dövlətə və milli maraqlara yox, yarıtmaz idarəçiliyi ilə ölkəni uçuruma aparan AXC-Müsavat hakimiyyətinə qarşı müxalifətdə idi. 
1993-cü ildə xalqın istək və arzusu ilə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi YAP-ın da statusunu dəyişərək, fəaliyyətini yeni mərhələyə yüksəltdi. Beləliklə, yarandıqdan qısa müddət sonra respublikamızın hakim partiyasına çevrilən YAP öz proqramını, məqsəd və məramını layiqincə həyata keçirməyə başladı, Ulu Öndərin başlatdığı islahatlara, dövlət quruculuğu prosesinə layiqli töhfələr verdi.
Bütün seçkilərdə YAP-ın qalib gəlməsi Heydər Əliyev partiyasına ümumxalq sevgisinin göstəricisidir. Böyük qürur hissi ilə üzvü olduğum YAP-ın sıralarında hazırda 720 mindən artıq vətəndaşımızın birləşməsi Heydər Əliyev yoluna olan inamın, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm İlham Əliyevə ümumxalq etimadının göstəricisidir.
YAP-ın sıralarında Azərbaycan ictimaiyyətinin bütün sosial zümrələri, o cümlədən ağsaqqallar, qadınlar birləşiblər. Eyni zamanda partiyanın böyük bir gənclik ordusu var. YAP üzvü olan gənclərimiz partiya həyatında fəal olmaqla yanaşı, ölkədə gedən bütün siyasi-ictimai proseslərin önündə gəlirlər.
Qeyd etmək istərdim ki, YAP bu gün öz fəaliyyətini müasir çağırışlar səviyyəsində uğurla qurmağı bacaran siyasi partiyadır. Bu mənada xüsusilə qeyd etmək istərdim ki, YAP-ın 2021-ci il martın 5-də keçirilmiş VII Qurultayında qəbul edilən qərarlar, Prezident İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident Mehriban Əliyevanın partiya Sədrinin birinci müavini təyin edilməsi partiyanın fəaliyyətini yeni mərhələyə yüksəldib. Sonuncu qurultaydan ötən dövr göstərir ki, partiyada yeni idarəçilik mexanizminin yaradılması, yeni Nizamnamənin qəbulu partiya fəaliyyətində mühüm uğurlarla müşayiət olunur. Həmçinin bu müddətdə YAP-ın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib.
Heydər Əliyev siyasətinin layiqincə davam etdirilməsinin, Prezident İlham Əliyevin müdrik siyasətinin nəticəsi olaraq Azərbaycan sürətlə yüksəlir, qarşısında dayanan bütün hədəflərə qətiyyətlə çatır. Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması və milli suverenliyimizin bərpası da bu siyasətin nəticəsi və təntənəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu uğurlar isə YAP-a böyük güc verir, partiya fəaliyyətini yeni mərhələyə yüksəldir. Ona görə YAP-ın uğurlu fəaliyyətinin təməlində dayanan ən böyük amil Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi nailiyyətlərimizdir. YAP bundan sonra da hakim partiya və siyasi flaqman statusunu layiqincə daşıyacaq. 

Cəbi QULİYEV,
Milli Məclisin deputatı