Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasında yayımlanan "Adam içində” verilişi ilə bağlı növbəti iradını açıqlayıb. MTRŞ-nın Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov açıqlamasında bildirib ki, bu verilişlərlə bağlı ümumi narazılıqlar var. Onun sözlərinə görə, ailədaxili münaqişələr, cəmiyyətdə olan tək-tək hansısa neqativ halları ümumi ictimai, xarakterik problem kimi təqdim olunur. Həmin verilişdə belə tipli mövzuların mütəmadi olaraq müzakirəyə çıxarıldığını deyən şöbə müdiri qeyd edib ki, bu da cəmiyyətdə narazılıq doğurur: "Bu gün cəmiyyətimizdə müsbət tendensiya, nümunəvi hal yoxdurmu ki, ancaq neqativ hallar efirə çıxarılır, ictimailəşdirilir? Bu verilişin məqsədi bəlli deyil: veriliş bu halların aradan qaldırılmasına kömək etmək istəyirmi, yoxsa, bunun üzərində şou yaradır. Hər hansı bir verilişi hazırlayarkən kanal həm özünün imicini, həm də cəmiyyətin fikrini nəzərə almalıdır. Bu cür hallarla nə qədər efir vasitəsilə təbliğ olunmalıdır, başqa bir aspektdə məsələ yoxdurmu?”
MTRŞ rəsmisi qeyd edib ki, bundan əlavə, həmin verilişə çağırılan ekspertlərlə də bağlı narazılıq var. Onun sözlərinə görə, bəzən mütəmadi olaraq eyni adamlar verilişə dəvət olunur və onlar heç də müzakirə olunan mövzu üzrə mütəxəssis deyillər: "Hansısa aktyor, müğənni dəvət olunur və onlar da məsələni bildi-bilmədi müdaxilə edir, tövsiyə verir, hətta bəzən təhqiramiz ifadələrə yol verirlər. Bu formada olan hallar da narazılıq yaradır. Həm peşəkarlıq baxımından, həm də teleradio haqqında qanunvericilik baxımından ciddi problemlər ortaya çıxır. Belə halların yığışdırılması vacibdir. Məsələnin dəqiqləşdirilmədən efirə çıxarılması və müzakirə olunması cəmiyyətdə narazılıq yaradır, qıcıq doğurur. Bununla bağlı MTRŞ-nın qaynar xəttinə də şikayət məktubları gəlir”.
T.Dadaşov əlavə edib ki, şuranın monitorinqlərində də bu məsələ qeydə alınır. Onun sözlərinə görə, bu məsələ təhlil olunur, ümumiləşdirilir, ekspertizadan keçirilir: "Bu istiqamətdə hazırda təhlil mərhələsi gedir. Cəmiyyətdə qıcıq doğuran bu tipli verilişlərlə bağlı son qərar veriləcək. Bu veriliş bir forması da ATV kanalında gedir. Amma ATV-də yayımlanan "Öz aramızda” verilişində bu qədər açıq-saçıqlıq yoxdur. Neqativ hallar bu verilişdəki qədər qabarıq deyil. Amma bu tipli müzakirə, tok-şou verilişləri, sosial-problemlərin, ailədaxili münaqişələrin müzakirə olunduğu verilişlər qıcıq doğurur və onlar xüsusi diqqət mərkəzindədir. Bütün buraxılışlar araşdırılıb, öyrənilir, müəyyən hesabat şəklinə salınaraq MTRŞ-nın Daxili Şuranın iclasına təqdim olunacaq. Hazırda işlər bu mərhələdədir”.
Qeyd edək ki, MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov Facebook səhifəsində də verilişdən narazılığı ilə bağlı fikirlərini bölüşüb. Onun şərhində qeyd olunub: "ANS-in "Adam içində” verilişi artıq "qırmızı xətt”i keçmək üzrədi. Veriliş cəmiyyətdə harda anormal hal varsa, onu müzakirəyə çıxarır. Məsələn, dünən - 03 mart tarixində ərin arvadına xəyanəti, ona işgəncə verməsi, ərli qadının başqa kişiyə qoşulub qaçması, kişinin başqasının arvadını qaçırması ilə bağlı konkret şəxslərin timsalında müzakirələr aparıldı. 24-25 fevral tarixində isə zorlama faktı üzərində müzakirə açılmışdı.
Sual oluna bilər ki, hansısa əxlaqsızın, tərbiyəsizin həyat tərzi, işdəkləri cəmiyyətin nəyinə lazımdır? Ümumiyyətlə, verilişin məqsədi nədir? Əgər məqsəd belə halların aradan qaldırılmasına dəstəkdirsə, buna nail olunacağı inandırıcı deyil. Çünki belə hallar həmişə olub və olacaq. Əksinə efir vasitəsilə ictimailəşdirmək eybəcərliklərin adiləşməsinə və bir növ təbliğinə rəvac verə bilər. Başqa sözlə, antireklam da reklamdı...
Verilişdə hətta bəzən ekspertlər tərəfindən təhqirlərə də yol verilir. Məsələn, 02 fevral tarixində ekspert Kübra Əliyeva (aktrisa) problemi müzakirəyə çıxarılmış qadını belə aşağılamışdı: "Bilirsən səni niyə təhqir edirəm? Ayaq üstə dura bilmirsən, qələt eləyib uşaq doğmusan...sən qələt eləyib evli kişi ilə yatmısan”.
Bu hallar "Adam içində” verilişinin əslində müsbət missiyasına xələ gətirir. Belə ki, verilişdə sosial problemləri olan insanlara dəstək istiqamətində müəyyən işlər görülür. Xüsusilə həftənin cümə günləri veriliş tamamilə vətəndaşaların işlə təmin olunmasına həsr olunur. Bu, orijinal layihədir. Di gəl ki, müzakirəyə çıxarılan bir sıra neqativ mövzular bu müsbət işlərin üzərinə kölgə salmaqdadır”.