“Mədəni İnkişaf və Dialoq” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı il, həyata keçirdiyi “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda layihə çərçivəsində tədbirləri başa vurdu.
Layihə çərçivəsində sonuncu 7-ci tədbir 16 oktyabr 2025-ci il tarixində Zərifə Əliyeva adına Liseydə keçirilib. Tədbirdə liseyin direktoru Fərqanə İsayeva, təlim-tədris üzrə direktor müavini Samirə Məsimova, direktor müavini Nigar Axundova, fənn müəllimləri: Rüfət Rizayev(tarix); Sevinc Əsədova, Aynur Hüseynova və Xanım Şamilova (ingilis dili); Gülşən Məmmədova (fizika); Pərvin Qəribova (azərbaycan dili və ədəbiyyat) və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə liseyin direktoru Fərqanə İsayeva açıb. O qısa giriş sözü ilə mövzunun aktuallığını və əhəmiyyətindən danışıb, tədbirin Respublika Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitutsiya və suverenlik ili” elan etdiyi bir dövrdə keçirilməsini xüsusi vurğulayıb.
Sonra o, tədbirin məruzəçisi professor Rəna Mirzəzadəni təqdim edib.
Dövlət himni səslənmiş, tədbir iştirakçıları torpağlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla anıblar.
Məruzəçi, professor Rəna Mirzəzadə “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda çıxış edib. O, çıxışında qeyd edib ki, ölkə əhalisinin müstəqil dövlətçilik və vətənpərvərlik amalları ətrafında sıx birləşməsində milli ideya mühüm rol oynayır. Bu ideyanın qarşısında müxtəlif hədəflər dayanır ki, onların sırasında ideoloji təhlükəsizliyin təmin olunması xüsusi önəm kəsb edir. Milli ideya Azərbaycan dövlətinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olması, dünya birliyində mövqeyinin güclənməsi və xalqımızın milli kimliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır. Daha sonra mövzu ətrafında iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb.
Yekunda liseyin direktoru Fərqanə İsayeva maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib. Cavab olaraq professor Rəna Mirzəzadə yaradılmış şərait üçün liseyin rəhbərliyinə təşəkkürünü ifadə edib.