"2008-ci ilin dekabrında ortalığa qoyulan Madrid Prinsipləri cəmi 6 aydan sonra tamamilə yeniləşdirildi. Həmsədr ölkə prezidentləri Madrid Prinsiplərinin Yenilənmiş variantını imzaladılar". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq bildirib ki, sənəd ortalığa qoyulan andan həmsədrlər öz ölkələrinin prezidentlərinin imzaladığı sənədləri "bombalamağa” başladılar: "İlk belə addım 2010-cu ilin yayında Sankt-Peterburqda keçirilən görüş zamanı baş verdi. RF xarici işlər naziri S.Lavrov bu vaxtadək Dağlıq Qarabağ tənzimlənməsində razılaşdırılmış və razılaşdırılmamış məsələləri bir-birindən ayırmağı təklif etdi. S.Lavrov-Kələntaryana görə, razılaşdırılmış məsələlər üzrə ayrıca sənəd imzalanmalıdır. Məqsəd Yenilənmiş Madrid Prinsiplərinin effektini azaltmaq idi".
Onun fikrincə, Yenilənmiş Madrid Prinsiplərinə 2-ci hücum Kazan görüşü idi: "2011-ci ilin iyununda baş tutan bu görüşdə RF-in daha aktiv iştirakı ilə həmsədrlər Madrid Prinsipləri ilə Yenilənmiş Madrid Prinsiplərini ortaq məxrəcə gətirmək istədilər. Baş tutmadı.
Soçidəki çoxsaylı görüşlərindən biri də Yenilənmiş Madrid Prinsiplərinin mahiyyətini dəyişməyə həsr olunmuşdu.
C.Uorlik həmsədr olduqdan sonra ABŞ-ın Karnegi fondu 2 dəfə Yenilənmiş Madrid Prinsiplərini müzakirəyə çıxarıb və hər ikisində bu prinsiplərin Dağlıq Qarabağ tənzimlənməsi üçün yararsız olduğu nəticəsinə gəlinib".
M.Əhmədoğlu deyib ki, C.Uorlik özü Yenilənmiş Madrid Prinsiplərini deformasiyaya məruz qoyub "amerikan variantı” adlı sənəd hazırladı. "Amerikan variantı”nı V.Nuland da daxil olmaqla ABŞ Dövlət Departamenti tam dəstəklədi: "3 həmsədr ölkə prezidentlərinin 2009-cu ildə Akvildə imzaladığı sənədin birinci maddəsində Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması nəzərdə tutulur. C.Uorlikin "Amerikan variantı”nın isə ilk 2 maddəsində Dağlıq Qarabağ ermənilərinə statusun verilməsinin mümkünlüyü məsələləri təsbit olunub. Uorlikin əsas arqumenti ondan ibarətdir ki, 6 maddənin ardıcıllığı prinsipial əhəmiyyət daşımır. Əgər belədirsə, nə üçün həmsədr ölkə prezidentlərinin, o cümlədən ABŞ prezidenti B.Obamanın imzaladaığı sənəddə maddələrin yerləşmə ardıcıllığı dəyişdirilməlidir?
İndinin özündə də Yenilənmiş Madrid Prinsiplərinə hücumlar dayanmayıb. Azərbaycanda səfərdə olarkən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən C.Uorlik cəmi 1 gündən sonra Ermənistanda olarkən yenidən əvvəlki ermənipərəst mövqeyinə qayıtdı: Status və Laçın dəhlizi kimi çətin həll olunan məsələlərin müzakirəsini təxirə salmaq lazımdır. Humanitar əlaqələr məsələsini aktivləşdirmək lazımdır. Əslində bu, Sankt-Peterburq və Kazan görüşlərinin məntiqinin indi RF deyil, ABŞ tərəfdən davamı anlamındadır. Çünki Sankt-Peterburq və Kazan görüşlərinin ideya müəllifi olan erməni həm də C.Uorlikin sahibi və donorudur. Həmsədrliyi dövründə C.Uorlikin bütün tvit və bəyanatlarının təhlili onun Ermənistan XİN tərəfindən koordinasiya olunduğunu sübut edir".
Politoloq qeyd edib ki, Əfqanıstanda xidmət etmiş C.Uorlik indi əməlli–başlı islamafobdur. Ermənilər bu məsələni bilir və C.Uorlik ermənilərin təsirindən çıxa bilmək gücündə deyil:
"C.Uorlikin Ermənistan mətbuatında irəli sürdüyü təkliflər Dağlıq Qarabağ münaqişəsinin konservasiya olunub gələcəyə saxlanmasına yönəlib. Məqsəd aydındır. Ermənilərin vaxtilə gücü var idi. Dağlıq Qarabağı və ətraf rayonları işğal ediblər. İndi ermənilərin gücü tükənir. İşğalçılıqlarını davam etmək onlara baha başa gəlir. Təkbaşına gücləri çatmır. Münaqişəli vəziyyətdə olduqları üçün Ermənistana investisiya gəlmir. Bu da nəinki Dağlıq Qarabağ ermənilərinin, ümumilikdə Ermənistanın taleyini şübhə altına alır. Dağlıq Qarabağ münaqişəsinin konservasiyasına dair hər hansı sənəd imzalamaqla bütün dünya erməniləri indiki gərgin vəziyyətdə, ağır günlərində böyük qələbə qazandıqlarını bəyan edəcəklər. Həm də erməni diasporu və Beynəlxalq maliyyə qurumları Ermənistana yardımları artıracaqlar. Yalnız Ermənistan gücləndikdən sonra Dağlıq Qarabağ münaqişəsini "konserv qabından” çıxarırlar və bu zaman artıq Ermənistan Azərbaycana qarşı tamamilə yeni şərtlər irəli sürür. İslamafob, erməni pulundan asılı olan C.Uorlik bu vaxtadək yalnız bu ideyanı daşıyıb və bundan sonra da daşıyacaq. Şəxsiyyəti varsa, C.Uorlik Dağlıq Qarabağ tənzimlənməsinə yalnız bircə töhfə verə bilər: özünü Dağlıq Qarabağ tənzimlənməsindən mümkün qədər tez kənarlaşdırmaq".
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin konservasiya olunması Azərbaycanın maraqlarına daban-dabana ziddir: "2013-cü ilin Prezident seçkilərindən başlayaraq Qərb Azərbaycanın Qarabağ siyasətinə qarşı açıq mübarizə aparır. Prezident İlham Əliyev müstəqil, sərt və kompromissiz Qarabağ siyasətini qoruya bildi. Qərbin bu siyasəti əyməyə gücü çatmadı. Baxmayaraq ki, Azərbaycan tərəfdən kifayət qədər populyar şəxslər də Qarabağ məsələsində Azərbaycanın əleyhinə getdilər. İndi birbaşa mübarizədə uduzan Qərb "kostyumunu” dəyişərək dost qiyafəsində Azərbaycana yaxınlaşmaq istəyir. Bu qaydada Azərbaycanın rəhbərliyini "aldadıb” Dağlıq Qarabağ problemini gələcək zamana saxlayırlar; Bəlkə möcüzə oldu, bəlkə Azərbaycan rəhbərliyi problemlə üzləşdi".
Politoloq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin konservasiyası istiqamətindəki cəhdlər ölkəmizin əvvəldən müəyyənləşdirdiyi və indi davam edən siyasi kursa birbaşa təhlükədir:
"Eləcə də, Dağlıq Qarabağ münaqişəsinin konservasiyası mümkün deyil və bu istiqamətdə atılan addımlar daha böyük təhlükə yarada bilər:
I. Azərbaycan Sankt-Peterburq və Kazan görüşlərində Dağlıq Qarabağ münaqişəsinin konservasiyasına imkan verməyibsə, indi buna razılıq verəcəyi təqdirdə Rusiya ilə ciddi narazılıq mənbəyi yarada bilər.
II. Azərbaycan rəhbərliyi Dağlıq Qarabağ tənzimlənməsində siyasi qətiyyətini şübhə altına qoya bilməz: Rusiya, Türkiyə və İranda müxtəlif təzadlı mövqelər yarana bilər. Nəticədə, Dağlıq Qarabağ problemi Azərbaycanın Ali siyasi rəhbərliyinə təzyiq vasitəsi kimi istifadə oluna bilər.
III. İran Dağlıq Qarabağ münaqişəsi regionunun yeganə qonşusu kimi yaranmış vəziyyəti tamamilə öz xeyrinə çevirə bilir. Bu vasitə ilə Azərbaycanın daxili proseslərinə təsir etmək üçün güclü rıçaqa sahiblənir.
Eləcə də, Dağlıq Qarabağ münaqişəsi regionunda Qərbə öz gücünü göstərmək üçün müəyyən manevrlər edir.
IV. Qafqaz regionu radikal islamçıların diqqət mərkəzindədir. Digər ərazilərdə sıxışdırılacağı təqdirdə İŞİD-çilər Qafqaza diqqətlərini artıra bilərlər. Dağlıq Qarabağ münaqişəsində C.Uorlikin arzuları İŞİD-çilərin arzularına tam uyğundur.
C.Uorlikə yaxşı bir məsləhətimiz var. Böyük Sülh Müqaviləsinin hazırlanmasını dəstəkləsin. Böyük Sülh Müqaviləsinin reallaşmasını Dağlıq Qarabağın azərbaycanlıları və ermənilərinə həvalə etsinlər. Bu iki icma uzunmüddətli danışıqlar apara bilər. Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlara qatılmasını da bu iki icma müəyyən etməlidir. Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin Böyük Sülh Müqaviləsinin hazırlanmasında iştirakı ilə "hərtərəfli danışıqlar” formatı yaranır. "Hərtərəfli danışıqlar” termini son vaxtlar həmsədrlərin, xüsusilə C.Uorlikin dəlicəsinə vurulduğu termindir".