“Xarici siyasətimizin əsas tərkib hissəsi olan ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində Azərbaycanın qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Təkcə son günlər qeyd edilən istiqamətdə atılan addımlara diqqət yetirmək kifayətdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkilərdən sonra ilk rəsmi dövlət səfərini Azərbaycana etməsi və bir gün sonra Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə gəlişi həm ikitərəfli münasibətlərin müxtəlif sahələr üzrə inkişaf etdirilməsi, həm də dünyaya ünvanlanan mesajlar baxımından xüsusi diqqət çəkir. 44 günlük İkinci Qarabağ müharibəsində dünya Azərbaycan-Türkiyə, həmçinin Azərbaycan-Pakistan dostluğunun, qardaşlığının nümunəsini gördü. Azərbaycanın küçə və meydanlarında üç dost ölkənin bayraqları birgə dalğalandı və bu gün də dalğalanır. Bu qardaşlıq telləri tarixi Zəfərimizdən sonra daha da möhkəmləndi. Belə ki, 2021-ci ilin iyun ayında Azərbaycan-Türkiyə müttəfiqliyini rəsmiləşdirən Şuşa Bəyannaməsinin ardınca həmin ilin iyul ayında Bakı Bəyannaməsi imzalandı. Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin Bakıda bir araya gəlməsi və bu birliyi təsdiqləyən sənədin imzalanması özündə bütün məqamları ehtiva edir. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri çərçivəsində keçirilən təkbətək və geniş tərkibdə görüşlərdə, həmçinin mətbuata birgə bəyanatlarında səsləndirdikləri fikirlər də iki dost ölkənin münasibətlərinin dünəninin, həmçinin qarşıdakı dövrün hədəflərinin aydın mənzərəsini yaratdı. Reallıq budur ki, Azərbaycan-Pakistan münasibətləri qarşılıqlı etimad, hörmət və hədsiz səmimiyyət üzərində qurulub. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Pakistan torpaqlarımızı işğal etdiyinə görə Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, ölkəmizin inkişafı, tərəqqisi Pakistanın Baş nazirində dərin təəssürat yaratdı və gördüyü reallıqları cənab İlham Əliyevin liderliyinin və bu illər ərzində göstərdiyi dinamik səylərin göstəricisi kimi dəyərləndirdi: “Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, Bakını dünyanın hər hansı ən inkişaf etmiş, gözəl şəhəri ilə müqayisə etmək mümkündür. Ölkəmizin şəhərsalma və yaşıllaşdırma sahəsində təcrübəsi təqdir edildi. Paytaxt Bakının timsalında Azərbaycanın şəhərsalma təcrübəsi özünün aydın ifadəsini tapır. Hazırda dünya bu təcrübəni işğaldan azad edilmiş ərazilərinmizin bərpasında və yenidən qurulmasında görür. Bütün şəhər və kəndlərimiz Baş plan əsasında qurulur. Müasirliyin və qədimliyin sintezinin yaradılması təkmil təcrübəmizdə öz əksini tapır. Bu baxımdan Pakistanın Baş naziri ölkəsinin Azərbaycanın bu sahədə təcrübəsinə böyük ehtiyacı olduğunu bildirdi.”
Deputat onu da vurğulayıb ki, iki qardaş ölkə arasında iqtisadi, siyasi, müdafiə, təhsil sahələrində əlaqələrin mövcud vəziyyəti geniş təhlil edilərək əmkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanların mövcudluğu qeyd edildi: “İstər ənənəvi enerji, istərsə də bərpaolunan enerji sahəsində perspektivlər var. Müdafiə sahəsində əməkdaşlıq prioritet sahə kimi diqqətə çatdırıldı. Birgə hərbi təlimlərin sayının artırılması vacib amillər sırasındadır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Onu da qeyd edək ki, qardaş Türkiyə Prezidentinin ölkəmizə dövlət səfəri çərçivəsində də müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdiilməsi önə çəkilərək cənab İlham Əliyev bu məqama diqqəti yönəltdi ki, bu il 16 birgə hərbi təlimin keçirilməsi nəzərdə tutulub ki, onlardan 6-sı artıq reallaşıb. İkinci Qarabağ müharibəsindən sonra bu hədəf qarşıya qoyulub ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Bunu indi əyani şəkildə görürük.”
Malik Həsənov diqqəti, eyni zamanda, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 17-də Azərbaycana səfərinə yönəldib: “Səfər şərçivəsində Rüstəm Minnixanovun dövlət başçısı İlham Əliyev ilə birgə Zəngilan rayonunun Ağalı kəndində olması, Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak etməsi tarixi Zəfərimizin reallıqlarının təqdimatında əhəmiyyətli rola malikdir. Dövlət başçısı İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində Tatarıstan Respublikasının rəisi ilə görüşündə bir daha bildirdi ki, “Araz Vadisi” Sənaye Parkının birinci obyekti qardaş Tatarıstanın obyektidir. Ərazilərimizin bərpası işinə belə münasibətə görə minnətdarıq, müəyyənləşdirdiyimiz əməkdaşlıq proqramının tam həyata keçəcəyinə ümidvarıq.”
Deputat belə bir ümumiləşdirməni aparıb ki, tarixi Zəfərimiz Azərbycanın qarşısında geniş imkanlar yaradır. Ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolu daha da möhkəmlənir. Ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyimizə dəstək günbəgün artır.