"Ümumiyyətlə Azərbaycanla Ermənistanı nəinki ordu quruculuğu, eləcə də digər sahələrdə müqayisə etmək olmaz”. Bunu millət vəkili, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, professor Musa Qasımlı "Global Firepower" təşkilatının dünya ölkələri ordularının reytinq cədvəlində Azərbaycanın Ermənistanı və digər dövlətləri üstələməsinə münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, Ermənistanın bütün gücü Azərbaycanın bir böyük şəhərinin gücünə bərabər ola, ya da olmaya. Bu gün Azərbaycan ordusu nəinki Cənubi Qafqazda, eləcə də bütün yeni müstəqil dövlətlər arasında öncül yerlərdən birini tutur: "Bu öncüllük həm əsgər və zabitlərin döyüş ruhunda, həm də hərbi texniki təchizatında, nizam-intizamında və digər məsələlərdə özünü qabarıq şəkildə göstərir. Fikrimcə, Azərbaycan ordusu Ermənistan ordusundan 11 pillə deyil, bəlkə də bir neçə dəfə öndədir”.
M.Qasımlı hesab edir ki, ordunun gücü özü-özündən yaranmır: "Əgər ordu güclüdürsə, deməli ölkənin iqtisadiyyatı və siyasi sistemi də güclüdür. Bu reytinq cədvəli onu göstərir ki, Azərbaycan həm iqtisadi, həm də siyasi idarəçilik sistemi baxımından Ermənistandan dəfələrlə irəlidədir və rəqabətə davamlıdır. Bütün bunların hamısı özbaşına olmayıb. Azərbaycan ordusunun indiki vəziyyəti ölkəmizin qüdrəti və imkanlarının artması cənab Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir”.
Qeyd edək ki, nüfuzlu "Global Firepower" təşkilatı dünya ölkələri ordularının yeni reytinq cədvəlini açıqlayıb. Siyahıya 126 ölkənin adı daxil edilib. Siyahıda Azərbaycan ordusu 63-cü pillədə qərarlaşıb. Ordumuz Ermənistan ordusunu 11 pillə qabaqlayır. Azərbayacanın qabaqladığı ölkələr arasında Qazaxıstan, Yunanıstan, Gürcüstan və Serbiya da var. Reytinq siyahısında ilk üçlükdə isə müvafiq olaraq ABŞ, Rusiya və Çin qərarlaşıb.