"Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı cənab Prezident İlham Əliyev mühüm məqamlara toxunub. İlk olaraq qeyd etmək lazımdır ki, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir"
Bunu Manevr.az-a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib:
"Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidentinin Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentlərinin Şuşa və Füzuliyə, Qırğızıstan Prezidentinin Füzuli və Ağdama etdikləri səfərlər buna bariz nümunədir.
Cənab prezidentin vurğuladığı əsas məsələlərdən biri də Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsidir. Bu layihə Türk dövlətləri qarşısında duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.
Bununla yanaşı enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlıq çox əhəmiyyətlidir.
Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir", deputat vurğulayıb.