“Lider öz xalqını olduğu yerdən istədiyi yerə yüksəltməyi bacaran qüdrətli tarixi simadır. O, artıq mövcud olan yolla getmir, yeni yollar salaraq tarix yaradır və bu tarixdə silinməz izlər qoyur. Tarixdə adı dövlətçiliyin simvoluna çevrilən və onunla qoşa çəkilən çox az siyasi liderə rast gəlmək olar. Müstəqil dövlətimizin ən müasir tarixi də məhz belə Liderin adı ilə bağlıdır. Dövlətçilik salnaməsinə şanlı səhifələr məhz onun rəhbərliyi ilə yazılıb. Dahi şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Ulu Öndər Heydər Əliyev uğurlu dövlət quruculuğu prosesinin əsasını qoydu. Bu sıraya təkmil siyasi sistemin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, həmçinin milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Eyni zamanda, həmin dövrdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bu, müstəqil Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəliləməsini təmin edən çox mühüm vasitə oldu. Ümummilli Lider siyasi və iqtisadi islahatların vəhdətini təmin etdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu saziş Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, “Əsrin müqaviləsi” ilə qoyulan təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır. Bu əminlik də ifadə edilmişdir ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük nüfuza malik oldu.” Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Əliabbas Salahzadə qeyd edib ki, müəllifi Ulu Öndər Heydər Əliyev olan milli ideologiya xalqın birliyini təmin edir: “Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amildir. Ümummilli Lider azərbaycançılıq ideologiyasının əsasını qoydu. O, harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarını bir amal ətrafında sıx birləşməyə çağırdı və uğurlu addımları ilə bu birliyə, həmrəyliyə nail oldu. Xarici siyasətimizin əsas məsələsi olan və artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Ulu Öndər misilsiz səylər göstərdi. Ümummilli Lider dəfələrlə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Ulu Öndər xarici ölkələrə səfərləri zamanı Qarabağ münaqişə nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın vəziyyətinin dünya ictimaiyyətinə çatdırılmasına çalışdı. Ölkəyə gələn bütün nümayəndə heyətlərinin rəhbərlərinin, xarici ölkələrin dövlət başçılarının məcburi köçkünlərin yaşayış tərzi ilə mütləq tanış olmaları Ulu Öndər tərəfindən bir vəzifə kimi qarşıya qoyuldu.”
Millət vəkili vurğulayıb ki, müasir müstəqil Azərbaycanın Ulu Öndərin şah əsəri kimi tanınması və nüfuz qazanması dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin aydın ifadəsidir: “Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu, bütün sahələrdə uğurlu inkişafını təmin etdi, gələcəyi üçün möhkəm təməl yaratdı. Hansı sahəyə baxsaq davamlı uğurların şahidi olarıq. Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu Öndər xilaskarlıq missiyasını həmin dövrdə də həyata keçirdi. Belə ki, 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda ölkəmiz Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı.”
Əliabbas Salahzadə bildirib ki, Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə gördüyü işlər, atdığı addımlar bugünkü uğurlarımızın əsası oldu: “2003-cü ildə xalqa tarixi müraciəti ilə yenidən qurduğu Azərbaycanın gələcəyini təmin etdi. Cənab İlham Əliyevin Onun axıra çatdıra bilmədiyi işləri axıra çatdıracağına inamını ifadə etdi. 2003-cü ildən başlanan Böyük Yolun uğurlu davamı nəticəsində Azərbaycan 30 illik işğala son qoydu, tarixi Zəfəri ilə dünyaya səs saldı. Ümummilli Liderin möhkəm təməlini yaratdığı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndi, qüdrətləndi, qələbəyə hazırlandı. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmiz bunun təsdiqi oldu. Bundan üç il sonra, 2023-cü ilin aprelində ərazi bütövlüyümüz, sentyabr ayında isə suverenliyimiz tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın dalğalanması milli qürurumuz, kimliyimizdir. Dövlət başçısı İlham Əliyev Ümummilli Liderin arzusunu reallığa çevirdi.”
Millət vəkili qeyd edib ki, 1993-cü ildən başlanan inkişaf yolunun uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür: “Reallıq budur ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bugünkü uğurlarımız yalnız və yalnız xəyal olardı. Azərbaycanın bu günü üçün Ulu Öndər Heydər Əliyevə borcluyuq. Cənab İlham Əliyev Azərbaycanı möhkəm təməl üzərində Zəfərlərə aparır. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyevin xatirəsinə ən böyük hörmətimiz onun yoluna sədaqətimizdir. Biz bu yolla gedirik və bu gün Azərbaycan reallıqları, uğurları, qələbələri bu yolun təməlində dayanıb.”
Əliabbas Salahzadə, eyni zamanda, diqqəti Heydər Əliyev irsinin təbliği məqsədilə yaradılan Heydər Əliyev Fondunun 20 illik fəaliyyətinə yönədərək bildirib ki, Fond Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın inkişafına davamlı töhfələri ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu oldu. Heydər Əliyev Fondu sübut etdi ki, əgər istək, iradə və xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər.