Xəbər verdiyimiz kimi, mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində AK Partiyanın Antalya şəhəri üzrə namizədi Mövlud Çavuşoğlu (Həm də Türkiyənin xarici işlər naziri) yenidən millət vəkili seçilib.
Sabahinfo.az Türkiyə mətbuatına istinadla bildirir ki, Antalyadan olan vəkillər seçkidən sonra ümumi qiymətləndirmə toplantısı keçirib.
Çavuşoğlu çıxışında digər məsələlərlə bərabər müxalifətin Rusiya ilə bağlı dediklərinə cavab verib: "Rusiya-Ukrayna savaşında tərəfsizliyi pozmaq və qərbdən təşəkkür almaq üçün Rusiyaya sanksiyalar tətbiq etməyin nə faydası olacaq? Siz bu vədi verərkən fermerlər, turizm mütəxəssisləri, biznesmenlər, ixracatçılarımızla məsləhətləşdiniz? Bu vədə görə ixracat, xüsusilə kənd təsərrüfatı böyük ölçüdə azalacaq, turistlər gəlməz və Antalyamız bundan çox əziyyət çəkər. Antalya olaraq bunun ilk təsirlərini artıq görməyə başlamışıq.
Rusiyalı turistlərin sayı keçən illə müqayisədə 10 faiz azalıb. Rusiyalı turistlər iyun ayı üçün rezervasiya edir və seçkinin nəticələrini izləyirlər. Ölkəmizə təsirlərini nəzərə almadan yalnız populist ritorika ilə verilən vədlərin şəhərimiz və ölkəmiz üçün ciddi nəticələri ola bilər".