Dünyada, eləcə də regionda baş verən mühüm geosiyasi proseslər fonunda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşlər təkcə Türkiyə və Azərbaycanda deyil, xaricdə də ekspertlərin, siyasətçilərin və ictimaiyyətin diqqətini daim cəlb edir. Görüş zamanı ikitərəfli iqtisadi əməkdaşlıqla yanaşı, bir sıra mühüm siyasi-strateji məsələlərə dair da çağırışlar oldu. İlk növbədə qeyd etmək lazımdır ki, bütün sahələrdəki münasibətlərdə kompleks yanaşma müşahidə olunur. Bu isə ikitərəfli əməkdaşlığın daha səmərəli və faydalı olması üçün önəmlidir. Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşün əsas məqamlarından biri dövlət başçılarının İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirakı idi. Prezident İlham Əliyev mətbuata birgə bəyanatı çərçivəsində bu qaz kəmərinin yaradılmasının vacibliyinə çox ətraflı diqqət çəkərək, bildirdi ki, Qaz kəmərinin tikintisinin əhəmiyyəti Avropanın enerji təhlükəsizliyi üçün də mühüm əhəmiyyət kəsb edir və bunu prezident Rəcəb Tayyib Ərdoğan da təsdiqləyərək vurğuladı ki, layihənin həyata keçirilməsinin avropalı tərəfdaşların maraqlarına müsbət təsir göstərəcəkdir. Təbii ki, qaz kəmərinin çəkilməsi enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm addımdır. Ölkə başçısı Naxçıvanın gələcəkdə yaşıl enerji ixracında da xüsusi rol oyna biləcəyini də qeyd etdi: “ Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır”.
Bu görüşdə bir daha hər iki ölkə iqtisadi əməkdaşlığı dərinləşdirmək üçün əlavə imkanların yarandığını bildirdilər. Bütövlükdə, Azərbaycan və Türkiyə yüksək səviyyədə iqtisadi tərəfdaşlıq nümayiş etdirməkdə davam edir və bu, ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Prezident İlham Əliyev mətbuata açıqlamasında ötən illər ərzində bu göstəricinin yaxşılaşdığını, Azərbaycanın və Türkiyənin qarşısında duran böyük hədəfin olduğunu qeyd edib. " Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və əminəm ki, daha da artacaq. Düzdür, hədəf çox, yəni yüksək rəqəmlərlə ölçülür. Bir müddət bundan əvvəl 15 milyard dollar ticarət dövriyyəsi hədəfləmişdik. O zaman ticarət dövriyyəsi təqribən 2 milyard dollar idi. Amma indi 6 milyard dolları ötübdür, yəqin ki, yaxın gələcəkdə buna da çatacağıq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır. Ona görə əminəm ki, biz buna da uğurla çatacağıq”.
Beləliklə, biz görürük ki, ticarət göstəricilərində nəzərəçarpacaq artımlara baxmayaraq, qardaş ölkələr öz məqsədlərinə çatmaq üçün fəaliyyətini daha da inkişaf etdirməyi qarşıya məqsəd olaraq qoymuşlar. Məhz bu kontekstdə Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın bugünkü görüşünün xüsusi əhəmiyyəti görünür. Dövlət başçılarının əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələsinə sistemli yanaşması görüşün əhəmiyyətini göstərir. Qeyd olunan aspektlərlə yanaşı, Azərbaycan və Türkiyə liderləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq məsələlərinə gəldikdə isə, Prezident İlham Əliyev mətbuata açıqlamasında çıxışında Qars-Naxçıvan dəmir yolunun tikintisi çərçivəsində ölkələr arasında əməkdaşlığın vacibliyini qeyd edib. "Qars-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı niyyət protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin qollarından biri kimi dövlətimizə xidmət edəcəkdir. Azərbaycanın, Türkiyənin və digər ölkələrin maraqlarıdır”.
Qeyd etmək olar ki, görüşün baş tutduğu çox qısa müddətə baxmayaraq, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan yaxın gələcəkdə ikitərəfli münasibətlərin hərəkətverici qüvvəsinə çevriləcək geniş spektrli iqtisadi məsələləri müzakirə etdilər. Liderlər arasında qarşılıqlı etimad səviyyəsini, şəxsi münasibətləri, eləcə də ölkələrin bir-biri ilə əlaqəli maraqlarını nəzərə alsaq, Prezident İlham Əliyevin Azərbaycan və Türkiyə münasibətlərinə verdiyi qiymətlə razılaşmamaq mümkün deyil: "Bu gün bu əlaqələr ən yüksək zirvədədir. İndi biz bütün istiqamətlərdə əlaqələrimizin çox fəal dövrünü yaşayırıq". Gördüyümüz kimi, Azərbaycan və Türkiyə prezidentləri Azərbaycanın erməni separatçıları üzərində 24 saatdan az müddətdə qazandığı tarixi Qələbə fonunda hərtərəfli strateji əməkdaşlığı dərinləşdirirlər. Ölkə başçısı İlham Əliyev qeyd etdi ki, Azərbaycan ərazi bütövlüyün və suverenliyini təmin etmişdir: Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. Azərbaycan hər zaman öz Konstitusiyasına, qanunlarına, qoşulduğu konvensiyalara, beynəlxalq hüquq norma və prinsiplərinə əməl edir və bütün dünya bir daha şahid olur ki, ölkəmizin niyyəti sülh və təhlükəsizliyin bərqərar olmasıdır. Azərbaycanda yaşayan bütün azsaylı xalqların, etnik qrupların nümayəndələrinin hüquqları qorunur. Prezident İlham Əliyevin dediyi kimi,“Artıq Azərbaycandan onun Qarabağ bölgəsinə, orada yaşayan erməni əhalisinə humanitar yardımlar göndərilməsinə başlanmışdır. Yanacaq - neft, dizel, benzin, ərzaq məhsulları, dərman preparatları və digər humanitar yardım edilir və bu, bir daha onu göstərir ki, Qarabağ bölgəsində yaşayan insanlar milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, hüquqları Azərbaycan dövləti tərəfindən təmin ediləcəkdir”. Türkiyə Prezidentinin Naxçıvana səfəri Birləşmiş Millət Təşkilatının Təhlükəsizlik Təşkilatının Baş Assambleyasında keçirilən iclasdan sonra baş tutmuşdur. Həmin ərəfədə isə Azərbaycanın mülki şəxsləri və polis işçiləri erməni təxribatı nəticəsində həlak olmuşdular. Buna cavab olaraq Azərbaycan lokal xarakterli anti-terror tədbirləri həyata keçirməyə məcbur oldu. Və belə bir vaxtda yenə də ilk dəstək Türkiyədən, onun prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən gəldi. Bu dostluq, qardaşlıq dəstəyini qeyd edən Prezident İlham Əliyev qeyd etdi ki: “ bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq. Tarix bir daha sübut edir ki, biz sevincini və kədərini bölüşən bir millət iki dövlətik. Bir daha qeyd etmək yerinə düşər ki, iki dost və qardaş ölkənin timsalında bütün dünya qardaşlığın, müttəfiqliyin, dostluğun unikal nümunəsinə şahidlik edir.
İki dövlət başçısı tərəfindən Naxçıvandan mühüm sülh mesajı verildi. Azərbaycan Prezidenti vurğuladı ki, “ Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri inkişaf etdirərək bildirdi ki: “ Son zəfərlə birlikdə bölgədə əhatəli normallaşma üçün yeni fürsət pəncərələri açılmışdır. Bu fürsətin dəyərləndirilməli olduğuna inanıram. Ermənistanın ona uzadılan sülh əlini tutmasını və artıq səmimi addımlar atmasını gözləyirik. Hər zaman vurğuladığım kimi, sülhün uduzanı olmaz. Bölgəmizdə sülh, sabitlik və rifahın yaranması xalqlarımıza olan borcumuzdur. Biz bu borcu yerinə yetirməkdə qətiyyətliyik, səmimiyik. Arzumuz qarşı tərəfin də eyni səmimiyyəti göstərməsidir. Beləliklə, bir daha Azərbaycan və Türkiyə hər zaman olduğu kimi sülh, rifah, həmrəylik və təhlükəsizlik çağırışları ilə dünyanın diqqətindədir.
Milli Məclisin Komitə sədri,
professor Hicran Hüseynova