
N.İbrahimov qeyd edib ki, dünyanın bir çox ölkəsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş tədbirlər, anım mərasimləri, etiraz aksiyaları, foto və rəsm sərgiləri təşkil olunub: "Təqdirəlayiq haldır ki, Xocalı soyqırımı ilə bağlı nəinki diaspor təşkilatlarımız, eləcə də Azərbaycan Respublikasının bir sıra dövlət və qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklərimiz, ayrı-ayrı vətəndaşlarımızın kifayət qədər maraqlı təşəbbüsləri, layihələri oldu. Onların hər birinə təşəkkür edirik ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı belə yüksək fəallıq nümayiş etdirirlər. Xüsusilə də xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın bu həssas tarixdə nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir”.
O, həmçinin vurğulayıb ki, builki tədbirlər mahiyyətinə, məzmununa görə daha maraqlı olmaqla yanaşı, həm də daha geniş coğrafiyanı əhatə edib: "Azərbaycan Prezidentinin apardığı siyasət, müəyyən etdiyi strateji xətt bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirib. Azərbaycanlıların yaşadığı və təşkilatlandığı elə bir ölkə yoxdur ki, orada Xocalı soyqırımına dair hansısa bir tədbir, layihə həyata keçirilməsin. Bu da bir daha onu göstərir ki, bütün dünya azərbaycanlıları Azərbaycan dövlətinin ətrafında sıx birləşiblər və xalqımızın tarixin müxtəlif mərhələrində məruz qaldığı ədalətsizliklərə öz etirazlarını bildirməyi bir borc kimi qəbul edirlər. Eyni zamanda, "Xocalıya ədalət" beynəlxalq kampaniyası da soyqırımın 23-cü ildönümünə dair tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb".