Nəyi necə və nə zaman etməyi ən yaxşı bilən Lider

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı ən böyük xidməti ölkənin gələcəyini etibar edə biləcəyi layiqli siyasi varisini cəmiyyətə təqdim etməsidir. Tarix sübut etmişdir ki, bəzi böyük sərkərdələr və liderlər özlərindən sonra dövləti idarə edə biləcək bir şəxsiyyəti yetişdirmədiyinə görə güclü imperiyalar dağılmışdır. Ulu Öndər isə Azərbaycanın dövlət müstəqilliyinin əsaslarını yaratmaqla yanaşı, özündən sonra dövlətin və xalqın taleyini etibar edə biləcəyi bir şəxsiyyət yetişdirdi. 

15 oktyabr 2003-cü il prezidentliyə seçkilər ərəfəsində 1 oktyabr 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürdü, xalqa müraciət edərək onun əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: 

"...Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

 Ümummilli Liderin xalqa çağırışının dövlətin və xalqın taleyinin gələcəyi ilə bağlı olduğunu zaman sübut etdi. Prezident İlham Əliyevin dövlətə rəhbərliyinin 20 ilində Azərbaycan ictimai-siyasi həyatın bütün sahələrində kompleks inkişaf yolu keçdi. Bu inkişaf yoluna Ulu Öndərin siyasi kursunun və strategiyasının yüksək dəqiqliyi ilə davam etdirilməsi sayəsində nail olunmuşdur. İlk növbədə, ölkədə siyasi sabitliyin daha da möhkəmlənməsini qeyd etmək olar. Bu illərdə ölkədə siyasi sabitliyi pozmaq üçün daxildən və xaricdən çoxlu cəhdlər də oldu. Amma Azərbaycan xalqı öz Prezidentinin ətrafında daha sıx birləşdi və bu birliyi heç bir gücün sarsıda bilməyəcəyini dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycanın hər bir vətəndaşı özünün Prezidenti ilə fəxr edir və qürur duyur. Dövlət başçısı ilə xalq arasındakı monolit birlik uğurların təməlində dayanır. 

 Prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlət idarəetmə sistemində dərin islahatlar həyata keçirildi. Bu islahatlar korrupsiyaya qarşı mübarizəni gücləndirdi, operativ və şəffaf idarəetmə sisteminin formalaşmasına yol açdı. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların hakimiyyət qollarına sirayət etməsi ölkədə demokratik və şəffaf idarəetmə sistemini yaratdı. Ölkədə təmin olunmuş siyasi sabitlik və şəffaf dövlət idarəçiliyi iqtisadi islahatların uğurla aparılmasına yol açdı. Cənab İlham Əliyev prezident seçiləndə Azərbaycanın regionları ilə mərkəz arasındakı fərqi aradan qaldıracağını və həyata keçirilən sosial iqtisadi inkişafdan hər bir vətəndaşın yararlanacağını qeyd etmişdi. Məhz 2003-cü ildə imzalanan və 2004-cü ildən icrasına başlanmış regionların sosial - iqtisadi inkişafına dair Dövlət Proqramının icrası sayəsində Azərbaycanın bütün regionları yenilənmişdir. Bu gün də həmin dövlət proqramının 4-cü mərhələsinin icrası davam etdirilir və bu mərhələ yeni bir dövrdə tamam başqa bir ruhda həyata keçirilir. Bu ruh qələbə ruhudur. 

Xüsusi qeyd etmək lazımdır ki, son 20 ildə Azərbaycanda ÜDM 5 dəfə artaraq adambaşına düşən ÜDM 888,6 dollardan 4214 dollara yüksəlmişdir. Azərbaycanın valyuta ehtiyatları 67,5 milyard dollara çatmışdır. Bu da xarici dövlət borcumuzu 10 dəfə üstələyir. 

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının üç mərhələsi çərçivəsində ölkə iqtisadiyyatına 245 milyard dollar investisiya yatırılmışdır. 2019-2023-cü illəri əhatə edən dördüncü dövlət proqramının icrasına 20 milyard dollara yaxın investisiyanın yatırılması nəzərdə tutulsa da, torpaqlarımızın işğaldan azad olunması bu məbləğə daha 7 milyard dollar əlavə edilməsini şərtləndirmişdir. Qazlaşma 51 faizdən 98 faizə yüksəlmişdir. Son 20 ildə 18 min kilometrdən çox avtomobil yolu tikilib istifadəyə verilmişdir. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. Son 20 ildə 50-yə yaxın müxtəlif tipli elektrik stansiyaları tikilib istifadəyə verildi. Bu gün isə bərpaolunan enerjinin istehsalı ilə bağlı yeni layihələrə imza atılır. 

Son 20 ildə 4 minə yaxın yeni məktəb, bütün regionlarda Olimpiya İdman Kompleksləri tikilmiş, xəstəxanalar yenidən qurulmuşdur. Sosial sahədə aparılan islahatlar vətəndaşların rifahının artmasına xidmət etmişdir. Son 20 ildə işsizlik 5,5 faiz, yoxsulluq 5 faizə enmiş, ölkədə əməkhaqları, pensiyalar və müavinətlər dəfələrlə artırılmışdır. 

Azərbaycan Ordusuna yeni hərbi texnikalar alınaraq müasirləşdirildi. Silahlı Qüvvələrin peşəkarlığı artırıldı. Üç il əvvəl baş verən Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu yüksək döyüş bacarığını nümayiş etdirib 44 günə torpaqları işğaldan azad etdi, düşmənə kapitulyasiya aktını imzalatdı. Cari ilin 19-20 sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri sayəsində Qarabağda erməni separatizminin kökü kəsildi. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı son 200 ilin ən şərəfli və şanlı tarixini yazdı. Böyük qələbənin təməlində Prezident 

İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə möhkəmlənən milli birlik və həmrəylik dayanır.

Son 20 ilin ən böyük nailiyyəti işğaldan azad edilimiş əraziləri yenidən qurub bərpa etməklə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasıdır. Artıq 8 şəhər və 100 kəndin Baş planları hazırlanaraq təsdiq olunmuş və tikinti işləri sürətlə davam etdirilməkdədir. 30 il doğma yurd həsrəti çəkən ağalılılar, laçınlılar və digərləri öz evlərinə qayıtmışlar. Bütün bu uğurlara nəyi necə və nə zaman etməyi hamıdan yaxşı bilən cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində nail olunur.  

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı gələcəkdə daha böyük uğurlar və qələbələr gözləyir. Cənab İlham Əliyev Prezident olduğu 20 ildə hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi. 

Yaşasın Prezident İlham Əliyev! Yaşasın çiçəklənən güclü Azərbaycan!

 

Azər BADAMOV,