Novruzəli Aslanov: “Azərbaycan Respublikası Cümhuriyyətin varisi kimi onun Dövlət bayrağını da bərpa etmişdir”

“Artıq üçüncü ildir ki, müqəddəs üçrəngli Bayrağımız işğaldan azad edilmiş Şuşa şəhərində dalğalanmaqla bütün Azərbaycan xalqına sonsuz qürur hissi yaşadır. Bu ilin sentyabr ayının 15-də isə Ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev həmin bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə qaldırmaqla bütün dünya azərbaycanlılarına möhtəşəm qələbə sevincini yenidən yaşatdı. Möhtərəm dövlət başçımız hələ 2010-cu ildə Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində etdiyi çıxışında demişdi: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!” Bu gün artıq bütün dünya Azərbaycan Prezidentinin bu sözlərinin də həqiqətə çevrildiyinin şahididir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşməsinin başlıca amillərindən olan Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır: “İlk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və həmin iclasın keçirildiyi AXC Nazirlər Şurasının binası üzərində qaldırılıb. Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmub. Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Sonralar Ulu Öndər bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.”

Daha sonra N.Aslanov bildirib ki, dövlətin özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir: “Ulu Öndər Heydər Əliyev bayrağa olan sevginin aliliyini vurğulayaraq belə demişdir: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun.” Həmçinin Ümummilli Liderimiz dövlət bayrağının milli birlik və həmrəyliyimizi formalaşdıran əsas atributlardan biri oldunu bu sözlərlə qeyd etmişdir: “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Həqiqətən də xalqımızın birliyi, həmrəyliyi torpaqlarımızın işğalına son qoymuş tarixi Qələbəmizin əldə olunmasını şərtləndirən əsas amillərdən biri olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev azad olunmuş bütün ərazilərimizdə Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan etdi” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.