Novruzəli Aslanov: “Azərbaycanın müstəqil xarici siyasəti ölkəmizin həm regional, həm də qlobal müstəvidə mövqelərini gücləndirir”

“Aprelin 9-da ADA Universitetində Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda müzakirə olunan məsələlər bu gün Avrasiya məkanında yerləşən əksər ölkələrin üzləşdikləri müxtəlif problemlərə həsr olunub. Aydındır ki, yeni dünya nizamının formalaşması bir çox gərginliklər və hətta silahlı münaqişələr doğurur. Bu baxımdan Azərbaycanın qlobal sülhə töhfə verən ölkə kimi çıxış etməsi əlbəttə ki, beynəlxalq ictimaiyyətin də diqqətindən yayınmır. Eyni zamanda da bu gün dünya Avropa və Asiyanın qovuşdu məkanda, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşən ölkəmizin qlobal miqyasda rolunu anlamağın və nəzərə almağın vacibliyini getdikcə daha aydın başa düşür. Təbii ki, bu gün Cənubi Qafqazda sülh və sabitliyin əldə olunması artıq çoxdan regional əhəmiyyətli məsələ olmaqdan çıxıb. İndi bu göstərici həm Avropanın enerji təhlükəsizliyi üçün, həm də Şərq-Qərb iqtisadi-ticari əlaqələrinin inkişafı üçün mühüm amilə çevrilib. Məhz bu baxımdan da Forumda müzakirə edilən məsələlərdən biri kimi Azərbaycan-Ermənistan münasibətləri və xüsusən də sülh prosesinin hazırkı durumu tədbir iştirakçılarını ən çox maraqlandıran mövzulardan oldu. Bundan sonra Cənubi Qafqazda vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyi bir çox suallar doğurur. Lakin Azərbaycan özünün aydın və birmənalı mövqeyini ortaya qoymaqla gələcək hadisələrin xarakterinin artıq məhz Ermənistanın seçəcəyi yolla müəyyən ediləcəyini bəyan etmiş oldu. Bu fikir öz əksini cənab Prezident İlham Əliyevin çıxışında da tapıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, separatçılığın kökünü kəsdi və sərhədlərinin toxunulmazlığını təmin etdi. Lakin potensial təhlükələr bundan sonra da nəzərə alınacaq. Özünün müdafiə qüdrətini daim artıracaq.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili həmçinin qeyd edib ki, Cənubi Qafqaz regionunda yeni yaranmış reallıqların dünyada, xüsusən də Avrasiya məkanında gedən proseslərə təsir gücünün getdikcə artması bir daha Azərbaycanın son dərəcə uğurlu xarici siyasət yürütdüyünü təsdiq edir: “Azərbaycan özünün beynəlxalq əlaqələrini, o cümlədən dünyanın ən güclü lider ölkələri ilə ikitərəfli münasibətlərini dinamik şəkildə inkişaf etdirir. Hazırda Çin şirkətləri ilə aparılan fəal çalışmalar və onların müxtəlif sahələrdə, xüsusilə yaşıl enerji sahəsində ölkəmizlə strateji tərəfdaşlığa dəvət olunmaları da bunu bir daha nümayiş etdirir. Diqqətəlayiq məqamlardan biri budur ki, bu istiqamətdə görülən işlər Azərbaycana həm də güclü siyasi dividendlər qazandırır. Bakıda keçirilən “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda beynəlxalq konfransda iştirak edən Çinin rəsmi dövlət nümayəndəsinin bəyanatında Zəngəzur dəhlizinin tezliklə açılmasının zəruriliyinin vurğulanması da bunu bir daha sübut edir. Bəyanatda qeyd olunub ki, bu layihənin həyata keçirilməsi Avropa ilə Asiya arasında nəqliyyat və logistika əlaqələrini gücləndirəcək, regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək. Bu bəyanat Azərbaycanın mövqeyini daha da möhkəmləndirən amil kimi çıxış edir və bir daha cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, prqmatik xarici siyasətin effektivliyini nümayiş etdirir” – deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.