Novruzəli Aslanov: “Azərbaycanın suverenliyinin təmin edilməsi Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən parlaq təntənəsidir”

“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti bu dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə bilavasitə xalqın maraqlarına xidmət etmiş və nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. 1969-cu ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK-nin plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bu tarixi hadisədən sonra respublikamız yeni, iqtisadiyyatının bütün sahələrində dinamik inkişafın müşahidə olunduğu bir dövrə qədəm qoydu. 1970-1980-ci illər ərzində Heydər Əliyevin ciddi səyləri və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan keçmiş ittifaqın ən geridə qalmış subyektlərindən biri olmaqdan qurtularaq, qısa müddət ərzində SSRİ-nin inkişaf etmiş, aparıcı respublikalarından birinə çevrildi. Həmin dövrdə Ulu Öndər gələcək müstəqil Azərbaycanın iqtisadi, siyasi və hərbi əsaslarını yaradaraq bugünkü suverenliyimizin təməlini qoymuşdur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, Ulu Öndər sovetlər dönəmində respublikamızda hərbi kadrlar hazırlayan məktəblərin açılmasına nail olmaqla bu gün bizə tarixi Zəfər sevincini yaşadan Silahlı Qüvvələrimizin əsasını qoymuşdur: “Müasir dünyamızda güc amilinin getdikcə daha çox önə çıxdığı bir şəraitdə istənilən bir ölkənin öz müstəqilliyini qoruyub-saxlaya bilməsi üçün ən vacib şərtlərdən biri həmin ölkənin güclü orduya sahib olmasıdır. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyevin dövlətin əsas prioriteti kimi müəyyən etdiyi istiqamətlərdən biri də məhz ordu quruculuğu işidir. Qeyd etmək lazımdır ki, bu sahəni Ulu Öndər Heydər Əliyev də hər zaman xüsusi diqqət mərkəzində saxlamışdır. Hələ sovetlər dönəmində gələcək müstəqil Azərbaycanın əsaslarını qoyan Ümummilli Lider ordu quruculuğu istiqamətində də bir sıra müstəsna əhəmiyyət kəsb edən addımlar atmışdır. O cümlədən 1971-ci ildə görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılması müasir müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasına misilsiz töhfə olmuşdur. Əlbəttə ki, Ulu Öndər artıq müstəqillik dövründə də bu vacib sahənin inkişafı baxımından bir sıra mühüm tədbirlər görmüşdür. Bu baxımdan, hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının yaradılması haqqında fərmanın imzalanması xüsusi əhəmiyyət kəsb edir. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşdırılması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ulu Öndərin 2001-ci il 20 avqust tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı və bununla həmin təhsil ocaqlarının respublika üzrə hərbi təhsil müəssisələri sistemində statusu yüksəldi.”

Öz fikirlərini davam etdirən N.Aslanov bu vacib məqamı da xüsusi olaraq vurğulayıb ki, Azərbaycan xalqının tarixinə ən qanlı faciələrdən biri kimi yazılmış 20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi də Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olmuşdur: “20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı birbaşa keçmiş SSRİ rəhbərliyinin törətdiyi qanlı cinayətdir. Lakin o dövrdə respublikaya rəhbərlik edən simalar siyasi iradəsizlik nümayiş etdirərək, bu cinayətə qarşı lazım olan reaksiyanı verə bilməmiş, vəzifəli şəxslər kimi, üzərlərinə düşən məsuliyyətin öhdəsindən gəlməmişdilər. Onlardan fərqli olaraq, Ümummilli Lider Heydər Əliyev o zaman totalitar Sovet rejiminin bütün təhdidlərini göz altına alaraq SSRİ-nin və Kommunist Partiyasını rəhbərlərinə qarşı ağır, lakin haqlı ittihamlarını səsləndirmişdir. 1990-cı il yanvarın 21-də rejimin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq, Ulu Öndər Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham edərək, ifşaedici və cəsarətli bir bəyanat vermişdi. Bu hadisələrdən 10 ay sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Artıq müstəqil Azərbaycana rəhbərlik etdiyi zaman, 1994-cü ilin mart ayının 29-da Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə, 20 Yanvar faciəsi məhz Ümummilli Lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsi nəticəsində öz siyasi-hüquqi qiymətini aldı.”

Sonda deputat bildirib ki, Azərbaycanda bu il bütün il boyu böyük təntənə ilə qeyd olunan “Heydər Əliyev İli”ndə əldə olunmuş ən böyük nailiyyətimiz ölkənin tam suverenliyinin bərpa edilməsi olmuşdur: “Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli” ölkəmizin daha bir neçə parlaq Qələbəsi ilə əlamətdar oldu. 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə “Laçın” sərhəd-buraxılış məntəqəsini quruldu. Müqəddəs üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı və bununla da Azərbaycan öz sərhədlərinin bütövlüyünü təmin etdi. 19 sentyabr tarixində isə, keçirdiyi antiterror tədbirləri nəticəsində Azərbaycan Ermənistanın silahlı qüvvələrinin Qarabağ bölgəsində qalan birləşmələrinin tərk-silah olunaraq ölkə ərazisindən çıxarılmasına, eləcə də Xankəndidə yaradılmış qondarma separatçı rejimin ləğvinə nail oldu. Bu qələbələr Ulu Öndər Heydər Əliyev siyasi kursunun və ölkəmizdə formalaşmış sarsılmaz xalq-prezident-ordu sarsılmaz birliyinin ən parlaq təntənəsidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlaıb.