Novruzəli Aslanov: “Füzulinin azad edilməsi Vətən müharibəsinin sonrakı gedişini istiqamətləndirən əsas amillərdən biri oldu”

 

“Ermənistanın işğalçı silahlı qüvvələri gec-tez Azərbaycan torpaqlarından çıxarılacaqlarını özləri də yaxşı bilirdilər. Buna görə də 30 illik işğal dövrü ərzində ordumuzun gözlənilən hücumundan qorunmaq məqsədilə bütün təmas xətti boyunca güclü müdafiə istehkamları yaratmışdılar. Xüsusilə möhkmləndirilmiş istehkamlar isə, Füzuli rayonu istiqamətində daha çox idi. Bunun da səbəbi ilk növbədə rayonun mühüm strateji yerləşməsi və ərazisinin böyüklüyü ilə bağlı idi. Füzulinin azad olunması müharibənin gedişinə və ümumilikdə müqəddəratına həlledici təsir göstərəcəkdi. Ermənistan tərəfi də bilirdi ki, Füzulini aldıqdan sonra artıq Şuşa istiqamətinə getmək üçün Azərbaycan Ordusunun qarşısında daha geniş imkanlar açılacaq. Buna görə də onlar bu istiqamətdə xüsusilə şiddətli müqavimət göstərirdilər. Lakin düşmənin bütün səyləri hədər idi. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən torpaqlarını azad etməkdə tam qərarlı olan qəhrəman hərbçilərimiz bu istehkamları da öz canları, qanları bahasına keçdilər. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 2020-ci ilin 17 oktyabr tarixində işğaldan azad edildi. Bir vacib tarixi faktı xüsusi olaraq qeyd etmək lazımdır ki, Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycanın əldə etdiyi ilk qələbə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, erməni işğalının qarşını almaq və düşməni atəşkəsə məcbur etmək məqsədilə 5 yanvar 1994-cü il tarixində Ümummilli Liderimizin əmrinə əsasən hücum əməliyyatına başlayan Azərbaycanın Silahlı Qüvvələri Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdilər. 2020-ci ilin noyabr ayının 26-da isə “Füzulinin azad olunmasına görə” medalı təsis edildi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat işğal dövründə ən çox dağıntılara məruz qoyulmuş rayonlarımızdan birinin məhz elə Füzuli rayonu olduğunu vurğulayaraq bunları deyib: “İşğaldan öncə tarixi-dini abidələrlə zəngin Füzuli rayonunda 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Əhalisi təxminən 144 min nəfər idi. 23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra bütün bu tarixi-mədəni abidələr erməni vandalları tərəfindən talan edilmiş, tamamilə dağıdılaraq viran qoyulmuşdu. Ekspertlərin rəyinə görə, məhz Füzuli işğal dövründə bütün digər rayon və bölgələrimizdən daha çox dağıntılara məruz qoyulmuşdur. Həmçinin rayon ərazisində aparılmış ekoloji monitorinq zamanı Ermənistanın işğalı dövründə meşə fonduna aid olmayan 5 688 ədəd ağac və kolun, 124 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2 hektarının, rəsmi olaraq təbiət abidəsi statusu verilmiş 11 ədəd qədim ağacın hamısı məhv edilmişdir. 1990-cı illərdə dövlət və sahə balansında qeydiyyata alınmış 6 mineral xammal yatağından 3-nün qeyri-qanuni istismar olunduğu müəyyən edilmişdir.”

Fikirlərini davam etdirən N.Aslanov işğaldan azad edildikdən sonra Füzuli şəhərinin faktiki olaraq tamamilə yenidən qurulduğunu da vurğulayıb: “Vətən Müharibəsində əldə olunmuş tarixi Zəfərdən sonra ölkəmiz işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa və quruculuq işləri aparır. Ölkə Prezidenti cənab İlham Əliyevin azad olunmuş ərazilərə etdiyi səfərlər əlbəttə ki, görülən bərpa-quruculuq işlərinin yüksək səviyyədə həyata keçirilməsini daha da stimullaşdırıb. Diqqətəlayiq haldır ki, dövlət başçısının bu məqsədlə ilk səfəri də 2020-ci ilin noyabrın 16-da məhz Füzuliyə olub. Ali Baş Komandan Füzuli şəhərində Azərbaycan bayrağını ucaldıb. Bu səfərində Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib və Füzuli-Şuşa avtomobil yolunun – Zəfər yolunun çəkilişinə start verilib. 2021-ci ilin oktyabrın 26-da isə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 ay ərzində ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları vardır. Ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsi olmuşdur. Əlbəttə ki, bütün bu işlər eyni zamanda Azərbaycan tərəfindən sülhə bir çağırış kimi qiymətləndirilməlidir. Cari ilin sentyabr ayının 19-da keçirdiyi antiterror tədbirinin nəticəi olaraq öz suverenliyini tam bərpa etmiş Azərbaycan artıq Cənubi Qafqazda sülhün və sabitliyin əldə olunmasını daha əlçatan etmişdir. Lakin dövlətimizin bütün səylərinə rəğmən əgər bundan sonra da ölkəmizin ərazi bütövlüyünə kimsə təcavüz etməyə qalxarsa, bu zaman Azərbaycan bütün iqtisadi və hərbi gücü ilə istənilən düşməni hər an məhv etməyə hazır olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.