“Yanvarın 5-də cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə Azərbaycanın müasir dövrdə apardığı balanslı, praqmatik və milli maraqlara söykənən xarici siyasətin əsas istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Bu baxımdan dövlət başçısının Çin Xalq Respublikası ilə Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını xüsusi vurğulaması təsadüfi deyil. Çin kimi qlobal güc mərkəzi ilə münasibətlərin strateji müstəviyə yüksəldilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin qlobal siyasi və iqtisadi proseslərdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz nümunəsidir. Bu addım həm də Prezident İlham Əliyevin uzunmüddətli baxışa əsaslanan diplomatik xəttinin nəticəsi olaraq qiymətləndirilməlidir. Çinlə əməkdaşlıq yalnız ikitərəfli münasibətlərin dərinləşməsi deyil, eyni zamanda Azərbaycanın “Şərq-Qərb” əməkdaşlıq platformasında mühüm tranzit və siyasi mərkəz kimi rolunu daha da gücləndirir. Bu kontekstdə imzalanmış Bəyannamə ölkəmizin qlobal geosiyasi arxitekturada mövqeyinin möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi sənəddir.”
Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.
Millət vəkili daha sonra bildirib ki, cənab Prezident İlham Əliyevin müsahibədə toxunduğu digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ilə bağlıdır: “Coğrafi baxımdan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə dərin tarixi, mədəni və strateji bağlara malik olması bu qərarın əsasını təşkil edir. Son illər həyata keçirilən enerji, nəqliyyat və kommunikasiya layihələri Azərbaycanı regionlararası əməkdaşlığın əsas aparıcı qüvvələrindən birinə çevirib. Xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzərin dibi ilə enerji və fiber-optik kabellərin çəkilməsi ilə bağlı razılaşmalar regional inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərir. Bu layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan bölgənin gələcək inkişaf trayektoriyasını dəyişən amillərdir. Mərkəzi Asiya ölkələrinin yekdil qərarla Azərbaycanı bu platformaya qəbul etməsi dövlətimizin artan çəkisinin, qarşılıqlı etimadın və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Müsahibədə səsləndirilən təhlükəsizlik və hərbi əməkdaşlıqla bağlı fikirlər isə müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarını dolğun şəkildə əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bugünkü dünyada təhlükəsizliyini təmin edən, hərbi potensialını gücləndirən dövlətlər öz milli maraqlarını daha effektiv şəkildə qoruya bilirlər. Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü həm rəmzi, həm də praktik baxımdan böyük əhəmiyyət daşıyır. Bu təklif türk dövlətləri arasında strateji həmrəyliyin, qarşılıqlı etimadın və ortaq təhlükəsizlik anlayışının gücləndirilməsinə xidmət edir. Azərbaycan artıq ikitərəfli formatda bir çox ölkələrlə, xüsusilə Türkiyə ilə uğurlu hərbi əməkdaşlıq modeli qurub. Birgə təlimlərin çoxtərəfli müstəviyə daşınması isə regional sabitliyin möhkəmlənməsi baxımından mühüm addım kimi qiymətləndirilməlidir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, daha geniş coğrafiyada təhlükəsizlik və əməkdaşlıq gündəliyini formalaşdıran fəal aktora çevrilib” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.