Novruzəli Aslanov: “Son illər həyata keçirilən layihələr Azərbaycanın strateji-coğrafi mövqeyindən səmərəli istifadə etməsinə şərait yaradıb”

 

“Martın 12-də paytaxtımızın növbəti, artıq 13-cü dəfə ev sahibliyi etdiyi Qlobal Bakı Forumu müasir beynəlxalq münasibətlər sistemində dialoq və əməkdaşlığın əhəmiyyətini bir daha gündəmə gətirdi. Cənab Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum müxtəlif ölkələrdən siyasətçiləri, ekspertləri və ictimai xadimləri bir araya gətirərək qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparmaq üçün mühüm platforma rolunu oynayır. Bu tədbir artıq illərdir ki, Bakını beynəlxalq intellektual dialoqun mərkəzlərindən birinə çevirən nüfuzlu forumlardan biri kimi tanınır. Son illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti beynəlxalq ekspert mühitində xüsusi diqqətlə izlənilir. Mərkəzin təşkil etdiyi forumlar və təşəbbüslər yalnız regional deyil, qlobal gündəlikdə yer alan məsələlərin müzakirəsi baxımından da mühüm əhəmiyyət daşıyır. Müxtəlif ölkələrin keçmiş və hazırkı dövlət və hökumət rəhbərlərinin, beynəlxalq təşkilat nümayəndələrinin və tanınmış analitiklərin iştirakı bu platformanın nüfuzunu daha da artırır. Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin dediyi kimi, məhz bu baxımdan Qlobal Bakı Forumu artıq planetar miqyasda mühüm siyasi və intellektual dialoq platformalarından biri kimi qəbul olunur.”

Milli Məclisin deputatı Novruzəli Aslanov martın 12-də öz işinə başlamış XIII Qlobal Bakı Forumu ilə bağlı aia.az-a verdiyi açıqlamasında belə deyib.

Millət vəkili Forum çərçivəsində səsləndirilən fikirlərə əsasən beynəlxalq münasibətlər sistemində dərin transformasiya prosesinin getdiyi qənaətinə gəlmək mümkün olduğunu qeyd edib: “Qlobal siyasətdə artan fikir ayrılıqları, təhlükəsizlik çağırışları və iqtisadi qeyri-müəyyənliklər fonunda dialoq və qarşılıqlı anlaşma mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bakı Forumu məhz bu baxımdan müxtəlif mövqelərin toqquşduğu deyil, əksinə ortaq yanaşmaların formalaşdırıldığı mühüm müzakirə məkanı kimi çıxış edir. Forumda diqqət çəkən əsas mövzulardan biri də regional təhlükəsizlik məsələləri oldu. Azərbaycan üçün təhlükəsizlik və sabitlik uzun illər ərzində dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. Xüsusilə regionda uzun müddət davam etmiş münaqişə fonunda ölkənin əsas məqsədi ərazi bütövlüyünün bərpası və davamlı sülhün təmin edilməsi idi. Bu istiqamətdə əldə olunan nəticələr Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və siyasi iradəsinin real nəticələr verdiyini göstərir. Bu gün regionda yeni reallıqların formalaşması Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün mühüm imkanlar yaradır. Eyni zamanda forumda Azərbaycanın Avrasiya məkanında artan nəqliyyat və logistika roluna da xüsusi diqqət yetirildi. Son illərdə ölkənin tranzit imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr Azərbaycanın strateji coğrafi mövqeyindən səmərəli istifadə etməsinə şərait yaradıb. Cənab Prezident bu kontekstdə Orta Dəhliz layihəsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Asiya ilə Avropa arasında ən səmərəli marşrutlardan biri kimi formalaşan bu dəhliz beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayır. Hazırda Azərbaycanın əsas məqsədlərindən biri mövcud nəqliyyat dəhlizlərinin yükaşırma imkanlarını daha da artırmaq və region ölkələri arasında yeni iqtisadi əməkdaşlıq formatlarını təşviq etməkdir. Bu baxımdan sülh prosesinin irəliləməsi regional kommunikasiya layihələrinin genişlənməsi üçün əlavə imkanlar yaradır. Xüsusilə Ermənistan ərazisindən keçə biləcək yeni marşrutların formalaşması regionda iqtisadi inteqrasiyanın güclənməsinə və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin yaranmasına xidmət edə bilər” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.