Ölkəmiz Çinlə əməkdaşlığı genişləndirir

Ölkəmiz “Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndirir. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Öz əlverişli coğrafi mövqeyindən istifadə edən dövlətimiz ölkə ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Çinin Sinxua agentliyinə verdiyi müsahibədə Prezident İlham Əliyev bildirib ki, son 20 ildə ölkəmizdə 21 min kilometr avtomobil yolları salınıb və təmir edilib, 335 körpü və yolayrıcı, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üzrə böyük işlər görülüb, 1500 kilometrdən artıq dəmir yolu tikilib və 1800 kilometrlik sahə təmir edilib. Ölkə başçısı diqqətə çatdırıb ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Əhəmiyyəti sürətlə artan Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.

Sinxua agentliyinə müsahibəsində Şanxay Əməkdaşlıq Təşkilatı haqqında fikir bildirərkən Prezident İlham Əliyev vurğuladı ki, Çinin “Şanxay ruhunun təşviqi: ŞƏT fəaliyyətdədir” devizi altında təşkilata sədrliyi onun institusionallaşdırılmasına və beynəlxalq arenada rolunun gələcəkdə də möhkəmlənməsinə kömək edəcək. Çin Xalq Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının təsisçi ölkələrindəndir və təşkilatın inkişafının aparıcı güclərindən biri olaraq qalır. Ölkə başçısı müsahibəsində bu haqda danışarkən əminliyini bildirdi ki, Çinin sədrliyi üzrə geniş proqramı çərçivəsində səyləri Şanxay Əməkdaşlıq Təşkilatı prinsipləri əsasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə, həmçinin onun vəzifələrinin həyata keçirilməsinə əlavə impuls verəcək.

Ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətinə böyük əhəmiyyət verir və bu təşkilatın təməlində dayanan prinsipləri bölüşür. Regionda etibarlı tərəfdaş və mühüm dövlət olan Azərbaycan beynəlxalq və regional sülhün, təhlükəsizliyin bərqərar olmasına töhfə verməkdə davam edir, ticarət, kommersiya və investisiya əlaqələrinin genişlənməsinə yönəlmiş, bununla da qlobal iqtisadi inkişafa və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı iqtisadi-ticari, nəqliyyat, infrastruktur və energetika sahələrində layihələr həyata keçirir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri