Xəbər verildiyi kimi, Milli Məclisin spikeri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyəti Birinci Özbəkistan - Azərbaycan Parlamentlərarası Forumda iştirak edir. Səfər çərçivəsində müxtəlif görüşlərin, müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Forum çərçivəsində Milli Məclisin deputatı, “Hüquq siyasəti və dövlət quruculuğu” komitəsinin üzvü Əminə Ağazadə “Dövlət proqramlarının və yüksək səviyyədə əldə olunmuş razılaşmaların icrasına parlament nəzarəti mexanizmləri” mövzusunda çıxış edib.
Əminə Ağazadə öz çıxışında Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun keçirilməsini yüksək qiymətləndirərək bu tədbirlərin sadəcə fikir mübadiləsi platforması deyil, həm də ümumi tarixi köklərə, etimada və qarşılıqlı dəstəyə əsaslanan qardaşlıq münasibətlərimizin strateji xarakter daşıdığının nümunəsi olduğunu diqqətə çatdırıb.
Dünyada baş verən geosiyasi proseslər fonunda dövlətlər tərəfindən verilən qərarların və razılaşmaların sistemli şəkildə icra və institusional dəstək tələb etdiyini vurğulayan Əminə Ağazadə bu proseslərdə milli parlamentlərin rolunu yüksək qiymətləndirərək qanunverici orqanların həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə dövlət siyasətinin legitimliyini, şəffaflığını və hesabatlılığını təmin etdiyini xüsusi olaraq qeyd edib.
Əminə Ağazadə çıxışında müasir dövrdə parlament nəzarətinin əhəmiyyətin haqqında bunları deyib: “Parlament nəzarəti tənqid deyil, xalq qarşısında məsuliyyət formasıdır. Azərbaycanda biz bu nəzarəti davamlı inkişaf, qərarların səmərəli icrası və hökumətlə cəmiyyət arasında etimadın möhkəmləndirilməsi vasitəsi kimi qiymətləndiririk. Biz təcrübə mübadiləsi aparmağa, özbək həmkarlarımızdan öyrənməyə və yüksək keyfiyyətli parlamentlərarası əməkdaşlığı birgə inkişaf etdirməyə hazırıq”
