Özbəkistanla Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir

Ümummilli lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı olan ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bütün istiqamətlərdə inkişaf edərək regionda və bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı hər zaman Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Türkdilli dövlətləri ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər birləşdirir ki, bu da ökələrimizin qarşılıqlı səmərəli fəaliyyəti və əməkdaşlığı üçün baza rolunu oynayır.

Prezident İlham Əliyevin cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri və səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması Azərbaycan- Özbəkistan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir.

Özbəkistanla Azərbaycan arasındakı bu gün özünün yüksək inkişaf səviyyəsinə ucalmış dostluq əlaqələri xüsusilə Ulu Öndərimizin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə inkişaf etdirilib. Ümummilli lideri Heydər Əliyevin İki qardaş ölkə arasında əlaqələrin genişlənməsində əvəzsiz xidmətlərini qədirbilən özbək xalqı heç zaman unutmur.

Bu baxımdan böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycanla Özbəkistan arasında münasibətləri uğurla inkişaf etdirilməsi, Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulması bölgədə türk birliyinin inkişafına böyük töhfələr verir. Dost və qardaş Özbəkistan xalqı hər zaman oldugu kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycan xalqının ədalətli mövqeyini dəstəkləyərək, xalqımızın haqlı mövqeyini müdafiə etdilər.Özbəkistan dövləti ölkəmizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini dəfələrlə beynəlxalq təşkilatlarda, ikitərəfli və çoxtərəfli görüşlərdə dövlətimizin mövqeyini qətiyyətlə ifadə edib.

Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı Daşkənddə keçirilən biznes-forum bir çox sahədə yeni layihələrin həyata keçirilməsinə təkan verdi. 500 milyon dollar dəyərində olan birgə investisiya fondunun kapitalının artırılması planı iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da güclənməsinə imkan yaradır. Bu fond hər iki ölkənin iqtisadiyyatına böyük fayda gətirəcək və investisiya sahəsində geniş imkanlar açacaqdır.

Özbəkistanın Azərbaycanda sərmayə qoyması və iş qurması üçün çox əlverişli mühit mövcuddur. Həmçinin, Azərbaycan tərəfi də Özbəkistanda həyata keçirilən layihələr və biznes imkanları haqqında daha çox məlumat əldə etmək istəyir. Bu məlumat axını iki ölkə arasındakı biznes əlaqələrini daha da möhkəmləndirəcək və birgə investisiya layihələrinin uğurla həyata keçirilməsinə şərait yaradacaqdır.

Azərbaycan və Özbəkistan arasındakı münasibətlər hər iki ölkənin tarixi, mədəni və siyasi maraqlarını qoruyan, müttəfiqlik səviyyəsində olan güclü əlaqələrə əsaslanır. Prezident İlham Əliyevin Özbəkistana son səfəri bu əlaqələrin daha da dərinləşməsinə və yeni perspektivlərin açılmasına yol açdı. Bu səfər zamanı imzalanmış sənədlər və verilmiş bəyanatlar iki ölkə arasındakı strateji əməkdaşlığın gələcək illərdə də davam edəcəyini və yeni layihələrin həyata keçiriləcəyini göstərir. Azərbaycan və Özbəkistan birgə səyləri ilə bölgədəki sabitliyi və inkişafı təmin edəcək və müttəfiqlik münasibətlərini daha da möhkəmləndirəcəkdir.

Fidan Hüseynova,

YAP Quba rayon təşkilatının sədri