PA rəsmisi: Azərbaycan-Ermənistan sərhədində Aİ missiyasının fəaliyyəti başa çatmalıdır

İki ölkənin səırhədində üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatedici məsələdir.

Sabahinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistanla Azərbaycan sərhədində Avropa İttifaqı missiyasının yerləşdirilməsinə lüzum yoxdur:

"Bu missiyanın fəaliyyəti artıq başa çatmalıdır. Missiya həmin ərazilərə yerləşdirilən zaman Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının həmin dövrdəki prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyan iştirak edirdilər. Bu missiyanın qısamüddətli olacağı razılaşdırılmışdı. Amma göründüyü kimi, bu missiya davamlı xarakter alıb, hətta onun tərkibi, mandatının əhatə dairəsi də genişləndirilir".

H.Hacıyev vurğulayıb ki, Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində delimitasiya və demarkasiya prosesi aparılırsa, burada üçüncü qüvvənin olması və onun tərkibinin hərbi xarakterli qüvvələrlə zənginləşdirilməsinə hansısa ehtiyac yoxdur:

"Aİ missiyası regionda sülhün genişləndirilməsinə xidmət edən faktor deyil. Sülhün gücləndirilməsi Ermənistanla Azərbaycan arasındakı prosesdir. Üçüncü ölkənin sərhəddə olması, iki ölkə arasında vəziyyətin gərginləşməsinə. Avropa İttifaqının da Cənubi Qafqazda təhlükəsizlik və hərbi faktor kimi ortaya çıxmasına səbəb olur. Bəzi Avropa ölkələri isə Aİ missiyası adından çıxış edərək, Ermənistanda planlarını həyata keçirirlər".