Məşhur Məmmədov,
Millət vəkili
Aprelin 11-də Türkiyənin Antalya şəhərində IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb. “Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq” mövzusuna həsr olunmuş bu beynəlxalq tədbir çağdaş dünyamızda diplomatiyanın rolu, sülh və sabitliyin qorunması istiqamətində atılacaq addımlar baxımından mühüm əhəmiyyət daşıyır.
Forum dünyanın 140-dan çox ölkəsindən dörd mindən artıq nümayəndəni – dövlət və hökumət başçılarını, nazirləri, ekspertləri, vətəndaş cəmiyyəti və media təmsilçilərini bir araya gətirib. Bu, ADF2025-in yalnız regional deyil, həm də qlobal miqyasda mühüm diplomatik platformaya çevrildiyini göstərir. Belə geniş iştirak spektri dünyanın müxtəlif qütbləri arasında dialoq körpülərinin qurulması üçün tarixi imkanlar yaradır.
Məlumdur ki, son illər beynəlxalq münasibətlər sistemində artan gərginliklər, müharibələr və qarşılıqlı inamsızlıq diplomatik həll mexanizmlərinin gücləndirilməsini labüd edir. Məhz bu mənada, Antalya Diplomatiya Forumu qlobal sabitliyin təminində, beynəlxalq hüququn aliliyinin qorunmasında, geosiyasi ziddiyyətlərin sülh yolu ilə həllində mühüm vasitə kimi çıxış edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Forumda iştirakı dövlətimizin diplomatik fəallığının və beynəlxalq müzakirə platformalarında aktiv rolunun təcəssümüdür. Azərbaycan sülh, əməkdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan xarici siyasət yürüdərək, regionda sabitlik və inkişafın təmin olunmasına ardıcıl şəkildə töhfə verir.
Ölkəmizin beynəlxalq diplomatik təşəbbüslərdə aktiv iştirakı təsadüfi deyil. Təkcə ötən həftə Bakıda keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum Azərbaycanın qlobal gündəliyin formalaşmasında iştirak etdiyini sübut etdi. Antalyadakı Forum isə bu baxımdan həmin prosesin davamı və tamamlayıcısı kimi qiymətləndirilə bilər.
Eyni zamanda, ADF2025 Türk dövlətləri arasında strateji əməkdaşlığın inkişafı baxımından da xüsusi önəm daşıyır. Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri regionda sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm amildir. Forumda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Hakan Fidanın çıxışlarında diplomatiyanın, qarşılıqlı anlaşmanın və birgə məsuliyyətin vacibliyi xüsusilə vurğulandı.
Azərbaycanın təşəbbüsləri və sülh çağırışları hazırkı geopolitik çağırışlar fonunda daha da aktuallaşır. Qarabağ münaqişəsinin ədalətli həlli, ərazi bütövlüyünün bərpa olunması, regionda nəqliyyat və enerji layihələrinin reallaşdırılması Azərbaycanın həm regional lider, həm də qlobal aktor kimi mövqeyini gücləndirir.
Nəticə etibarilə, ADF2025 platforması diplomatik müzakirələrin genişlənməsi, sabitliyin təmin olunması və yeni beynəlxalq əməkdaşlıq modellərinin qurulması baxımından strateji əhəmiyyətə malikdir. Azərbaycanın bu prosesdə fəal iştirakı, sülhün tərəfdarı kimi çıxış etməsi həm bölgənin, həm də dünyanın sabit və davamlı inkişafına real töhfə verir.