Torpaqlarımızın üç onillik ərzində işğal altında qalmasının səbəbləri get-gedə daha çox aydınlaşır. Oktyabrın 6-da Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısından bir neçə gün əvvəl Fransa Respublikasının Müdafiə nazirinə istinadən yayılan məlumatda bildirilirdi ki, “vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyəti təcili olaraq Ermənistana göndərilir”. Nazir Sebastyen Lekornyu Ermənistanlı həmkarı ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etdikdən sonra belə bir bəyanat vermişdi: “Burada döyüşlər dayandırılmalı və Azərbaycan qüvvələri öz ilkin mövqelərinə qayıtmalıdırlar”.
Bəyanatın tonu ölkələrimiz arasında mövcud olan münasibətlərin səviyyəsi və Fransa Prezidentinin Praqada sərgilədiyi sülh çabaları ilə heç çür uzlaşmır. Üstəlik, Fransa Müdafiə nazirinin bəyanatında ölkəmizə qarşı təzyiq cəhdi də sezilir. Hiss olunur ki, təxribatlara məhz Ermənistanın təşəbbüs göstərməsi nəinki nəzərə alınmır, əksinə, tərəf tutulur, açıq və ya dolayı şəkildə Ermənistana haqq qazandırılır. Bu bəyanatın ardınca Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın erməni xalqı ilə həmrəy olduqlarını əks etdirən bəyanatı da Prezident Makronun sülh çağırışlarındakı səmimiyyət və ədalət ölçüsünü növbəti dəfə gündəmə gətirdi. Fransa Prezidentinin Ermənistanın tərəfini tutan, əslində, anti-Azərbaycan mahiyyətli son açıqlaması isə onun qatı ermənipərəst mövqeyində qaldığını bir daha ortaya qoydu. Məhz bu səbəbdən, Prezident İlham Əliyev oktyabrın 14-də Astanada keçirilən MDB Dövlər Başçıları Şurasının iclasında qərəzli bəyanata qəti etirazını bildirdi: “Lakin Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi... Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib”.
Fransa Prezidentinin mövqeyi ilə bağlı cəmiyyətimizdə buna qədər də xeyli suallar mövcud idi. Onun son açıqlaması isə ictimai tərəddüdlərə yeni şübhə toxumlarını səpdi. Son 30 ilin təcrübəsi göstərir ki, belə bəyanatların təhlükəli fəsadları qaçılmaz olur. Az əvvəl Parisdə səfirliyimizə edilən hücumlar zamanı yerli hüquq-mühafizə orqanlarının göstərdiyi etinasızlıq və biganəlik fonunda verilən bu bəyanatlar əlavə və haqlı suallara da yol açır. Ermənistan işğal dövründə məhz belə bəyanat və yanaşmalardan həvəsləndiyi üçün, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini saya salmadı və həm də bu səbəbdən işğal siyasətinə xoşluqla son qoymadı. Cəmiyyətimiz 44 günlük Vətən müharibəsinin ilk günlərində Fransa Prezidenti Emmanuel Makrondan gələn və ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan bəyanatını da unutmayıb: “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik”. Fransa Senatı tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması” ilə bağlı qəbul edilən qətnamələr isə beynəlxalq hüquqa hörmətsizliyin növbəti nümunəsidir. Rusiyanı Ukrayna ərazisindəki separatçı rejimlərin müstəqilliyini tanımaqla beynəlxalq hüququ pozmaqda ittiham edən Fransa parlamentariləri eyni addımı Azərbaycanın ərazi bütövlüyünə qarşı atırlarsa, bunun yalnız bir izahı ola bilər. Nüvə silahına sahib olan böyük dövlətlər, lazım bildikdə, hansısa maraqlarını beynəlxalq hüquqdan üstün tuturlar. Bəzən elə təəssürat yaranır ki, kütləvi qırğın silahına sahib olmayan, coğrafi baxımdan kiçik olan ölkələrdən beynəlxalq hüquqa hörmət tələb edən həmin dövlətlərin özləri üçün, sanki, heç bir hüquqi və mənəvi qadağa norması yoxdur. Ermənistanın sentyabrın 12-14-dəki irimiqyaslı hərbi təxribatına cavab olaraq Ordumuzun həyata keçirdiyi adekvat əməliyyatı aqressiya kimi dəyərləndirən Fransanın bu məsələni BMT-nin müzakirəsinə çıxarmaq təşəbbüsü bir daha təsdiq edir ki, heç nəyə baxmadan, tərəfsizliyini görmək istədiyimiz Fransa Minsk qrupunda fəaliyyəti dövründə olduğu kimi, indi də bitərəf deyil, əksinə, ölkəmizə qarşı qərəzlidir. O, hələ də “sevimli bacısı” Ermənistanın tərəfini tutur. Əgər belə olmasaydı, 28 il ərzində Fransa rəsmiləri “sevimli bacılarına” bircə dəfə deyərdilər ki, sən başqa ölkənin ərazisini hansı ağılla, hansı hüquqla işğal etmisən, onun beş rayonunu bufer zonasına hansı məntiqlə çevirmisən? Heç olmazsa, Ermənistana bircə dəfə deyərdilər ki, “şıltaqlığına” son qoymasan əməllərin BMT-də müzakirəyə çıxarılacaq. Ermənistan keçmiş vasitəçilərin faktaraşdırıcı missiyalarının gözü qarşısında torpaqlarımızda qanunsuz məskunlaşdırma siyasətini həyata keçirdiyi, əslində isə növbəti müharibə cinayətini törətdiyi halda, keçmiş vasitəçilərdən heç biri, o cümlədən Fransa Ermənistanı durdurmadı, onu qanunsuz əməllərindən çəkindirmədi və işğalçıya qarşı bir dəfə də olsun beynəlxalq sanksiyanın tətbiqi təşəbbüsü ilə çıxış etmədi. Halbuki, məhz həmin missiyaların gözü qarşısında ermənilər şəhər və kəndlərimizi vəhşicəsinə dağıdır, tarixi, mədəni və dini irsimizi bilərəkdən məhv edirdilər. Fransanın “ən qədim” , “əzabkeş”, “soyqırımı qurbanı” hesab etdiyi millətin nümayəndələri onun gözü qarşısında qədim qəbilə təfəkkürü ilə qəbirlərimizdə goreşənliklə məşğul olur, məscidlərimizi təhqir edirdi. Amma bütün bunlara etiraz etdiyini bircə dəfə də görmədik. Keçmiş vasitəçilərdən soruşsaq ki, niyə Xocalı soyqırımını BMT-də müzakirəyə çıxarmağa bu qədər həvəs göstərmədiniz, görəsən, hansı hüquq normasına və ya hansı bəşəri dəyərə istinad edərlər? Uydurma “erməni soyqırımını” tanıdıqları halda, görəsən, Xocalı soyqırımını indiyədək niyə heç biri tanımayıb? Ukraynada bir-birilərinə düşmən kəsildikləri halda, erməni məsələsində keçmiş vasitəçiləri birləşdirən, görəsən, nədir? Haqlı olaraq Ukraynadakı separatçı rejimlərin əleyhinə çıxan Fransa, görəsən, niyə eyni mövqeni ölkəmizə münasibətdə sərgiləmir? Görəsən, Qarabağdakı separatçı rejimin status məsələsini və “Dağlıq Qarabağ xalqı” ifadələrini dillərinə gətirərkən, ayrı-seçkilik və siyasi riyakarlıq etdiklərinin fərqindədirlərmi? Görəsən, bu ayrı-seçkiliyin səbəbi nədir? Görəsən, müharibə günlərində Ermənistanın mülki əhalimizə qarşı qadağan olunmuş raket və bombalardan istifadə etdiyini Fransa rəsmiləri həqiqətənmi görməyiblər? Onların nəzərində bunlar müharibə cinayətləri deyilmi? Nə qədər ki, böyük dövlətlər ikili standartlardan əl çəkməyib, dünya nizamı heç vaxt təhlükəsiz olmayacaq. Nə qədər ki, beynəlxalq hüququn tətbiqində və dəyərlərin seçimində selektiv yanaşmaya yol verilir, hətta ən xoşməramlı təşəbbüslər belə, təhlükəsizliyə xidmət göstərməyəcək.
Prezident İlham Əliyev elə buna görə Dünya Azərbaycanlılarının V Qurultayında işğal dövründə üz-üzə qaldığımız reallığı bu cür ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günündə-sentyabrın 27-də işğaldan azad olunan Füzuli rayonuna səfər etmişdilər. Dövlətimizin başçısı orada hər kəsin, o cümlədən Ermənistanın və havadarlarının diqqətdə saxlamalı olduğu bu bəyanatı verdi: “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik”.
Bu gün erməni sevgisi səbəbindən ayrı-seçkilik edənlər, qoy bilsinlər ki, Prezident İlham Əliyevin Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə içdiyi bu and, həm də bütöv Azərbaycan xalqının andıdır. Hansısa maraqları, öhdəlikləri və ya ermənilərə özəl bağlılıqları ucbatından ölkəmizə qarşı haqsızlıq edənlər, əgər Cənubi Qafqazda, həqiqətən, dayanıqlı sülhü görmək istəyirlərsə, patronajlıq etdikləri Ermənistanı başa salmalıdırlar ki, qonşularına qarşı ərazi iddialarından və təxribatlardan həmişəlik əl çəksin. Keçmiş vasitəçilərdən ikisi Ukraynadakı separatçılığı qəbul etmədikləri kimi, Azərbaycanda da bunun yolverilməz olduğunu açıq şəkildə bəyan etməli, özlərinə rəva bilmədiklərini başqalarına da rəva görməməlidir. Ərazi bütövlüyümüzü gözü götürməyənlər, bu məsələdə mövqeləri, hətta, əzəli düşmənlərinin mövqeyi ilə üst-üstə düşənlər bir həqiqəti də bilməlidirlər. Selektiv yanaşma nə zamansa, gec və ya tez onların özlərini də təhdid edən ən böyük təhlükəyə çevriləcək. Çünki ikiüzlülüklə simasızlıq arasında elə bir fərq yoxdur, onları birləşdirən riyakarlıqdır. Vaxt gələcək, riyakarlıq edənlər böyük şairimiz Səməd Vurğunun misralarındakı bu hikməti də xatırlamalı olacaqlar: “Cahanda hər hökmü bir zaman verir, Dünən fərman verən bu gün can verir”.
Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, həmin dairələr bu həqiqəti də bilməlidirlər ki, Azərbaycan, Ermənistandan fərqli olaraq, müstəqil dövlətdir, öz siyasətini özü müəyyən edir və mövqeyini açıq şəkildə ifadə etməkdən də çəkinmir. Ona görə, erməni sevdalıları Prezident İlham Əliyevin Astanada verdiyi bu bəyanatının arxasında Azərbaycan xalqının yekdil iradəsinin dayandığına indidən əmin olmalıdırlar: “Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.
Ülvi Quliyev,
Milli Məclisin deputatı