2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 55 saylı Siyəzən-Quba-Xızı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Müşfiq Məmmədlinin Xızı rayonu, Giləzi və Sitalçay kəndlərində seçicilərlə görüşü keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Görüşü giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev YAP-ın parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. O, parlament seçkilərinin beynəlxalq standartlara və demokratik prinsiplərə uyğun keçiriləcəyinə əminliyini xüsusi vurğulayıb.
Daha sonra çıxış edən deputatlığa namizəd Müşfiq Məmmədli YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. YAP-ın milli maraqları daim üstün tutduğunu və ölkəmizin inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb: “Dünənin, bu günün partiyası kimi gələcəyə böyük inamla addımlayan YAP sözlə əməl birliyini, monolitliyini daim qoruyur, sıralarını kəmiyyət və keyfiyyət baxımından zənginləşdirir”.
Namizəd 7 fevral prezident seçkilərinin ardınca, 1 sentyabr parlament seçkilərinin bütün ölkə ərazisində keçirilməsinin qürurverici olduğunu vurğulayıb.
Tədbir iştirakçılarından Fərrux Haqverdiyev, Svetlana Rüstəmova Milli Məclisə keçiriləcək seçkilərin önəmli olduğunu qeyd edib, hər kəsi YAP-ın namizədinə səs verməyə çağırıblar.
Qeyd edək ki, həmin gün deputatlığa namizəd M.Məmmədli şəhidlik zirvəsinə ucalmış Ravil Novruzov, Xaspolad Qasımov, Vidadi Allahverdiyev, Elnur Ağaəhmədovun ailələrini də ziyarət edib.