2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyeva Vətən müharibəsi şəhidi Fərhad Fərhadlının və şəhid Bəxtiyar Muradovun ailəsini ziyarət edib.
Deputatlığa namizəd şəhidlərin valideynlərinə belə qəhrəman və cəsur övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirib. Görüşlərdə şəhidlərin qəhrəmanlığından və döyüş şücaətindən, yer aldıqları uğurlu hərbi əməliyyatlardan söhbət açılıb. M.Vəliyeva qeyd edib ki, Azərbaycanın cəbhədə tarix yazan mərd oğullarının fədakarlığı, rəşadəti nəticəsində torpaqlarımız işğaldan azad edilib, Azərbaycan dövlətinin ərazi bütövlüyü bərqərar olunub. Vurğulayıb ki, onların əbədi xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Deputatlığa namizəd bildirib ki, 7 fevral 2024-cü il tarixində ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində növbədənkənar prezident seçkiləri keçirilib: “İndi ölkəmiz növbəti mühüm ictimai-siyasi mərhələnin astanasındadır. Azərbaycan parlament seçkilərinin keçirilməsinə hazırlaşır. Bu müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkiləri kimi tarixə düşəcək. Prezident İlham Əliyevin Sərəncamı ilə növbədənkənar parlament seçkilərinin 2024-cü il sentyabrın 1-nə təyin edilməsi aparılan hərtərəfli islahatların davamıdır”.
Şəhidlərin ailə üzvləri də öz növbəsində M.Vəliyevaya xeyir-dua verərək öz dəstəklərini ifadə ediblər.