Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin “Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir” layihəsi çərçivəsində Şamaxı şəhərində oktyabrın 24-də sonuncu tədbiri keçirilib.
Toplantıda 30-dan artıq rayon sakini, o cümlədən Şamaxı rayon xəstəxanasının baş həkimi Ağayev İslam iştirak edib.
Tədbiri açıq elan edən, layihə rəhbəri, Pediatrik Kardiologiya və Revmatologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva bildirib: “Ürək qan damar sistemi xəstəliklərinin inkişaf riski, bu xəstəliklərin ağırlaşmasının profilaktikası barədə əhalini geniş maarifləndirmək əsas məqsədlərimizdən biridir. Praktiki tövsiyələr verməklə yanaşı, yerlərdə insanların sağlamlığının qorunmasına və yaxşılaşmasına nail olmaq, kardiolojı xəstəliklərinin ağırlaşmasının qarşısını müəyyən qədər də olsa almaq hədəfimizdədir. Biz praktiki təcrübəmizə, müşahidələrimizə əsaslanıb onu deyə bilərik ki, əhalidə ürək xəstəliklərinin inkişaf riskinin azaldılması məqsədi ilə maarifləndirmə tədbirlərinin təşkili zəruridir. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”.
Qeyd edək ki, tədbirə qatılan çox saylı iştirakçılara 30 sualdan ibarət test tapşırıqları paylanıb. Həmin test vərəqələri tam doldurulduqdan sonra ayrılıqda yoxlanılaraq, təhlil olunub. Bu usulla tədbir iştirakçıları arasında kardioloji patologiya riskini və xəstəliyini təyin etmək mümkün olub. Tədbirə qatılan iştirakçılar layihənin aktuallığını qeyd edərək, öz sağlamlıq durumları haqqında suallar veriblər. Qarşılıqlı müzakirələr şəklində davam edən görüşdə hər bir kəsin sualları cavablandırılıb, onlara lazımı tövsiyələr verilib. Ürək, qan-damar xəstəlikləri: erkən aşkarlanma həyat xilas edir layihəsi çərçivəsində xeyli sayda Şamaxı şəhər sakini məlumatlandırılmaqla bərabər onlara ailə üzvlərinin də belə test vərəqlərinin evdə doldurması tövsiyə olunub. Beləliklə layihənin maarifləndirmə işinin əhatə dairəsi xeyli genişləndirilmişdir.