Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin güclənməsinə böyük təkan verəcək - ŞƏRH

Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə münasibətlər mühüm yer tutur. Xüsusilə ölkəmizin Şərqi Avropa dövlətləri ilə əlaqələri davamlı olaraq genişlənir. Bu baxımdan Azərbaycan-Slovakiya münasibətləri xüsusi vurğulanmalıdır.

Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat bildirib ki, son illər Azərbaycanla Slovakiya arasında əməkdaşlıq güclənməkdədir. Ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın Qurulması haqqında Birgə Bəyannamə münasibətlərimizi yeni səviyyəyə yüksəldib. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir.

“Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 8-də Slovakiyaya rəsmi səfəri də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə xidmət edir. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə əhəmiyyətli təsir göstərəcək.

Liderlərin mətbuata bəyanatı zamanı Prezident İlham Əliyev Slovakiya və Azərbaycan arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyətini xüsusi vurğulayıb. Çünki bu sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə çox fəal əməkdaşlıq qurulub. İki ölkə enerji sahəsində də fəal əməkdaşlıq edir və Azərbaycan qazı Slovakiyaya da ixrac olunur. Dövlətimizin başçısı bu barədə deyib: “Bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır”. Nəzərə alaq ki, hazırda Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin edir”, - deyə S.Vəliyev bildirib.

O əlavə edib ki, dövlət başçıları iki ölkə arasında müdafiə sənayesi və hərbi sahələrdə əməkdaşlıq imkanlarına da diqqət yetiriblər. Bu sahə Slovakiyada çox inkişaf edib. Slovakiya özüyeriyən artilleriya qurğuları, sursat və digər məhsullar sahəsində də böyük təcrübəyə malikdir. Slovakiya Prezidenti Peter Pelleqrini deyib ki, ölkəsi Azərbaycanla texnologiya ötürülməsi, Azərbaycanın maliyyəsindən istifadə edilməsi və birgə istehsalın üzərində işləyə və birlikdə istehsal edilən məhsulları üçüncü ölkələrə sata bilər.

Samir Vəliyev bildirib ki, Slovakiya ilə əlaqələr Avropa İttifaqı kontekstində də müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir: “Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir. Bütövlükdə Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə böyük təkan verəcək”.