Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində artan nüfuzu və əlverişli geosiyasi mövqeyi ilə seçilən mühüm dövlətlərdən biridir. Ölkəmizin balanslaşdırılmış daxili və xarici siyasəti, möhkəm iqtisadi təməli, enerji sektorunda etibarlı tərəfdaş kimi formalaşmış imici onun qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusən Avropanın enerji təminatında Azərbaycanın tutduğu mühüm yer dövlətimizin strateji mövqeyini bir daha ön plana çıxarır.
Əldə olunan nailiyyətlər ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin əsasını Prezident İlham Əliyevin praqmatik yanaşması və uzaq perspektivləri nəzərə alan idarəçilik modeli təşkil edir. Məhz bu yanaşma ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin daha da möhkəmlənməsinə imkan yaradır. Dövlət başçısının yerli televiziya kanallarına verdiyi müsahibədə də vurğulandığı kimi milli maraqlara söykənən müstəqil siyasi xətt, iqtisadi gücün artırılması və ardıcıl islahatlar ölkəmizin davamlı inkişafını təmin edən əsas amillərdəndir.
Prezident İlham Əliyev müsahibəsində ötən ilin uğurlarını dəyərləndirdi, 2026-cı il üçün strateji prioritetlərini açıqladı və ölkənin daxili siyasət hədəfləri ilə beynəlxalq mövqeyini şərh etdi. Dövlət başçısı Azərbaycan–Çin münasibətlərinə toxunaraq ötən il Çinə etdiyi dövlət səfəri zamanı imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni mühüm siyasi uğur kimi qiymətləndirdi, bunu ölkəmizin ardıcıl və məqsədyönlü diplomatiyasının parlaq nəticəsi adlandırdı. Şübhəsiz ki, bu sənəd Azərbaycan–Çin münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldən strateji əsaslar formalaşdırır.
Azərbaycan–ABŞ münasibətlərinə də diqqət yetirən dövlət başçısı Bayden–Blinken administrasiyasının fəaliyyəti dövründə ikitərəfli əlaqələrin ciddi zərər gördüyünü, 2025-ci ilin Azərbaycan–Amerika münasibətləri baxımından dönüş nöqtəsi olduğunu vurğuladı. Tramp administrasiyasının hakimiyyəti dövründə isə ABŞ-la münasibətlərin normallaşdırılması üçün əlverişli siyasi mühit formalaşmış, xüsusilə də 907-ci düzəlişin ləğvi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb etmişdir. Ermənistan–Azərbaycan müharibəsinin faktiki olaraq sona çatması həmin dövrdə baş verən əsas geosiyasi proseslərdən biri kimi tarixə həkk olundu. Bununla yanaşı Prezident Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi xüsusi önəm daşıyan hadisə kimi yadda qaldı. Təxminən 30 il əvvəl yaradılmış bu təşkilatın tarixində ilk dəfə yeni üzv qəbul edilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun və çoxtərəfli diplomatiyada qazandığı etimadın bariz nümunəsidir.
Prezident müsahibəsində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrində aparılan quruculuq işlərinə toxunaraq vurğuladı ki, həyata keçiriləcək layihələr bölgələri iqtisadi baxımdan birləşdirəcək. Hər bir addım həm yerli həyat səviyyəsini yüksəldir, həm də regionu strateji baxımdan daha əlverişli mövqeyə gətirir. Naxçıvan üzərindən İranla, Azərbaycan vasitəsilə isə Rusiya ilə açılacaq dəmir yolu bağlantıları yalnız nəqliyyatı gücləndirmir, eyni zamanda Ermənistan üçün yeni iqtisadi imkanlar yaradır. Burada əsas məqam odur ki, aparılan layihələrdən uduzan olmayacaq. Siyasi anlaşılmazlıqlar iqtisadi inteqrasiyanın və infrastrukturun inkişafına mane ola bilməz. Prezident açıq şəkildə mesaj verdi ki, regionda əməkdaşlıq və praqmatik yanaşma hamı üçün üstünlükdür.
Azərbaycan illərdir sülhü təşviq edir, faydalı əməkdaşlıq arxitekturası qurmağa çalışır və beynəlxalq öhdəliklərə sadiqliyini fəaliyyəti ilə sübut edib. Amma təəssüf ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi 27 il kağız üzərində qaldı. Prezident haqlı olaraq bildirdi ki, BMT Nizamnaməsi üzərində deyil, torpaq üzərində yaşayırıq. Buna görə də güclü olmalıyıq. Çünki sülh, ədalət, əməkdaşlıq yalnız sözlə, kağız üzərində saralan və lazımsız əşyalara çevrilən qətnamələrlə deyil, həm də real güc, iradə ilə qorunur.
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibə zamanı bir sıra vacib məsələlərə diqqət çəkərək aktual mövzularla bağlı dəyərli fikirlər səsləndirdi və inkişaf, uğur və gələcək hədəflərin anonsunu verdi. Dövlət başçısı ölkə daxilində reallaşdırılan layihələrdən və Azərbaycanın beynəlxalq müstəvidə əldə etdiyi uğurlardan bəhs edərək bu nailiyyətlərin məqsədyönlü və ardıcıl dövlət siyasətinin nəticəsi olduğunu qeyd etdi. Aydındır ki, qazanılan uğurlar ölkəmizin davamlı inkişafını əks etdirir və əldə olunan bütün nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasətin məntiqi davamıdır.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı